Mərakeş Krallığının muxtar Sahara bölgəsi (Qərbi Sahara) üzərindəki suverenliyinə beynəlxalq müstəvidə dəstək artmaqda davam edir.
Mərakeşin Azərbaycandakı səfirliyinin yaydığı məlumata görə, Panama Respublikası noyabrın 21-də Sahara bölgəsindəki separatçı "SADR" (“Sahrawi Arab Democratic Republic”) ilə diplomatik əlaqələrini dayandırmaq qərarı alıb.
Qeyd edək ki, Panama "SADR"ı tanıyan ilk ölkə olub və separatçı rejimin 1980-ci ildə Latın Amerikasındakı ilk “səfirliyi” burada açılmışdı. Panama tərəfindən verilən bu qərar Latın Amerikasının qondarma “respublika”ya dəstəyində əsas dəyişikliyi qeyd edən əhəmiyyətli siyasi addımdır.
Panama Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı yaydığı bəyanatında bildirilir ki, bu ölkə Sahara məsələsində tərəflər üçün sülhsevər, ədalətli, davamlı və məqbul bir həllin əldə edilməsi məqsədilə Birləşmiş Millətlər Təşkilatı çərçivəsində baş katibin və beynəlxalq ictimaiyyətin səylərini dəstəkləməyə davam etməyə hazırdır. Panama Respublikası beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsinə yönəlmiş konstruktiv xarici siyasətə uyğun olaraq dialoqa və çoxtərəfli əməkdaşlığa sadiqliyini bir daha təsdiqləyir.
Xatırladaq ki, Mərakeş 1975-ci ildə Qərbi Saharaya dinc yürüş – "Yaşıl yürüş" aksiyasından sonra bölgə üzərində faktiki suverenlik haqqını dünyaya bəyan edib. Həmin vaxtadək İspaniya bu bölgəyə keçmiş müstəmləkə ərazisi kimi nəzarət edirdi. 1975-ci ilin noyabrında İspaniya öz administrasiyasını geri götürüb. Daha sonra Qərbi Saharaya qismən iddiası olan Mavritaniya da qoşunlarını oradan çıxarıb.
Bununla belə, qonşu Əlcəzair bölgənin tam olaraq Mərakeşin nəzarətinə keçməsinə qarşı idi və 1976-cı ildə onun dəstəyi ilə separatçı “Sahara Ərəb Demokratik Respublikası” elan edilib. Bir sıra ölkələr Əlcəzairin təşviqi ilə “SADR”ı onu tanıdıqlarını bildirsələr də, sonra əksər etibarilə bu niyyətdən daşınıblar. Panama bu günədək “SADR” ilə diplomatik əlaqəsi olan az sayda ölkələrdən biri idi.
Onu da qeyd edək ki, Mərakeş hələ 2007-ci ildə Qərbi Saharaya muxtariyyət təklif edib və buna tədricən beynəlxalq dəstək (o cümlədən BMT-də) artır. Son olaraq 2024-cü il oktyabrın 31-də BMT Təhlükəsizlik Şurası Mərakeşin suverenliyinə və onun Saharaya muxtariyyət planına dəstəyini bir daha təsdiqləyən 2756 saylı qətnamə qəbul edib.