Noyabrın 22-də görkəmli teatr və kino aktyoru, Xalq artisti Yaşar Nurinin (1951-2012) vəfatının 12-ci ildönümü tamam oldu.

Bu münasibətlə həmin gün Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) nümayəndələri, Akademik Milli Dram Teatrının aktyorları və sənətkarın ailə üzvləri II Fəxri xiyabanda aktyorun məzarını ziyarət ediblər.

ATXİ-nin sədri Xalq artisti Hacı İsmayılov, sədr müavini Xalq artisti İlham Namiq Kamal Yaşar Nurinin həyat və yaradıcılıq yolundan, onun Azərbaycan mədəniyyətinə bəxş etdiyi dəyərli sənət incilərindən danışıblar.

Bildirilib ki, aktyor teatr səhnəsində çoxsaylı obrazların mahir ifaçısı olub. Sənətkarın “Övlad” komediyasında Silva, “Bağlardan gələn səs” dramında Pərviz, “Ölülər”də Məşədi Oruc, “Od gəlini”ndə Altunbay, “Büllur sarayda” pyesində Bayandur, “Bizim qəribə taleyimiz”də Davud, “Bəşərin komediyası və yaxud Don Juan” əsərində Sqanarel, “Dəli yığıncağı” faciəsində Sərsəm Salman və s. rolları ona geniş tamaşaçı rəğbəti qazandırıb.

Yaşar Nuri eyni zamanda hamı tərəfindən sevilərək izlənilən televiziya tamaşalarında da yaddaqalan obrazlar yaradıb. Azərbaycan Televiziyasının hazırladığı “Yollar görüşəndə”, “Ömrün yolları”, “Qatarda”, “Evləri köndələn yar”, “Qonşu qonşu olsa...”, “Kökdən düşmüş piano”, “Topal Teymur”, “Yarımştat”, “Ac həriflər”, “Göz həkimi”, “Yaşıl eynəkli adam”, “Səni axtarıram” tamaşalarında ifa etdiyi rollar tamaşaçıların yaddaşında silinməz iz qoyub.

Böyük sənətkar kino salnaməmizdə də parlaq fəaliyyəti ilə seçilib. “Dörd bazar günü”, “Bəyin oğurlanması”, “Ad günü”, “Yol əhvalatı”, “Yaramaz”, “Yuxu”, “Hər şey yaxşılığa doğru”, “Lətifə”, “Qətl günü”, “Fransız”, “Yoxlama” və s. filmlərdə aktyor məharətini ortaya qoyub.

Diqqətə çatdırılıb ki, Yaşar Nuri “Subaylarınızdan görəsiniz” tamaşasına quruluş verib, “Spasibo” filmini çəkib.

Yaşar Nurinin həyat yoldaşı Rəhimə xanım sənətkarın xatirəsini əziz tutduqlarına görə anım mərasiminin iştirakçılarına minnətdarlığını bildirib.