Noyabrın 21-də Misir-Britaniya Universitetində Misirin dövlət və ictimai xadimlərinin, diplomatik korpusun təmsilçilərinin iştirakı ilə Azərbaycan klassik musiqisi gecəsi keçirilib.
Azərbaycanın Qahirədəki Səfirliyinin adıçəkilən universitetlə birgə təşkil etdiyi tədbirdə musiqi incilərimiz Misir Filarmoniya Cəmiyyətinin orkestri tərəfindən təqdim olunub.
Tədbiri açan Misir-Britaniya Universitetinin rektoru professor Məhəmməd Lutfi çıxışında belə bir tədbirin onun rəhbərlik etdiyi elm ocağında keçirilməsindən məmnunluğunu ifadə edib. Rektor Misir-Britaniya Universitetinin ADA Universiteti ilə birlikdə Bakıda keçirilən COP29-da iştirak etdiyini bildirib.
Səfir Elxan Poluxov konsertin Azərbaycanın Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunmasına və ölkəmizin COP29-a ev sahibliyi etməsinə həsr olunub.
Azərbaycanla Misir arasında əlaqələrin ildən-ilə genişləndiyini bildirən diplomat bu il ölkəmizin Qahirədə səfirliyinin açılmasının 30 illiyinin qeyd edildiyini diqqətə çatdırıb. Bildirib ki, münasibətlərin bu səviyyəyə çatması iki ölkə liderlərinin müdrik rəhbərliyi sayəsində mümkün olub. Qeyd edilib ki, yüksək səviyyədə qarşılıqlı səfərlər, tələbə mübadiləsi, konsertlər, sərgilərin təşkili, habelə biznes və idman sahələrində əməkdaşlıq – bütün bunlar Azərbaycan və Misirin yaxın tərəfdaşlar və dostlar olduğunu bir daha göstərir.
Belə tədbirlərin Azərbaycan mədəniyyətini və musiqisini Misir auditoriyasına tanıtmaq üçün gözəl fürsət olduğunu bildirən səfir gecədə iştirak etmək üçün Qahirədə səfərdə olan görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Tofiq Bakıxanovun yaradıcılığı barədə məlumat verib.
Çıxışlardan sonra konsert proqramı təqdim olunub. Qara Qarayevin “Leyli və Məcnun” simfonik əsərindən parçalar, Tofiq Bakıxanovun violonçel və simfonik orkestr üçün konserti, Fikrət Əmirovun “Şur” simfonik muğamı sənətsevərlər tərəfindən alqışlarla qarşılanıb.