Ankaradakı “CSO Ada” mərkəzində Azərbaycanın 44 günlük Vətən müharibəsində Zəfərinə həsr edilmiş simfonik musiqi konserti olub.
XV Beynəlxalq Şefika Kutluer Festivalının açılışını bildirən konsert Mədəniyyətlərarası Əlaqələr Cəmiyyətinin himayəsi və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin, həmçinin Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) dəstəyi ilə təşkil olunub.
Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovun, eləcə də dünyaşöhrətli türk fleyta ifaçısı, UNESCO-nun xoşməramlı səfiri Şefika Kutluerin rəhbərliyi ilə “Dədə Qorqud” kamera orkestrinin ifasında Azərbaycan, türk və Avropa klassik musiqisindən ibarət məşhur kompozisiyalar gurultulu alqışlarla qarşılanıb.
AZƏRTAC-ın müxbiri ilə söhbətində Şefika Kutluer Türkiyə ilə Azərbaycan arasında əlaqələrin sarsılmaz olduğunu vurğulayıb. “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Xalqlarımız sevincdə də, kədərdə də bir yerdədir. Yaradıcılığımla əməkdaşlığın və sülhün daha da möhkəmlənməsinə töhfə verməyə çalışıram”, - deyən musiqiçi iki qardaş xalq arasında əməkdaşlığın qurulmasında göstərdiyi mühüm səylərə görə Mədəniyyətlərarası Əlaqələr Cəmiyyətinə təşəkkürünü bildirib.
Türkiyəli fleyta ifaçısı onun təşəbbüsü ilə keçirilən beynəlxalq musiqi festivalının tezliklə Azərbaycanda və bilavasitə Şuşada baş tutacağına ümid etdiyini bildirib.
Azərbaycanın Xalq artisti, dirijor Yalçın Adıgözəlov bildirib ki, “Dədə Qorqud” kamera orkestri ilk dəfədir Türkiyədə qastrol səfərindədir, əvvəllər İzmir və İstanbulda konsert proqramları keçirilirdi. “Şadıq ki, Ankarada “CSO Ada”nın yeni səhnəsinə çıxmaq bizə nəsib oldu. Qardaş ölkədə çıxış etmək Azərbaycanın Qələbəsinə həsr olunduğu üçün üzərimizə xüsusi məsuliyyət qoydu. Hər yerdə bizi gurultulu alqışlarla qarşıladılar”, - deyə Adıgözəlov bildirib.
Xalq artisti daha sonra Azərbaycan bəstəkarlıq məktəbinin zənginliyinə diqqət çəkib. “Xalqımız Qara Qarayev, Niyazi, Fikrət Əmirov və təbii ki, dahi Üzeyir Hacıbəyli kimi korifeylərlə haqlı olaraq fəxr edir”, - deyə Adıgözəlov vurğulayıb.
O, müasir Azərbaycanın indiki sakinlərini işğaldan azad olunmuş, müstəqil dövlətdə yaşayan həqiqi xoşbəxt insanlar nəsli adlandırıb. “Mən özüm əslən Qarabağdanam. Ona görə də Azərbaycanın tarixi Qələbəsinə həsr olunmuş hər bir çıxış şəxsən mənim üçün ikiqat məsuliyyətdir”, - deyə mədəniyyət xadimi təəssüratını bölüşüb.