2025-ci ilin 15–21 yanvar tarixlərində Rusiyada məşhur vokalçı Xibla Gerzmavanın (soprano) öz adına təsis etdiyi beynəlxalq müsabiqə keçiriləcək. İlk dəfə keçirilən müsabiqə 21-36 yaşlı vokalçılar və 20-35 yaşlı konsertmeysterlər üçün öz məharətlərini göstərmək və mükafat qazanmaq şansıdır.
Qiyabi seçim turları başa çatan sənət yarışmasına qatılacaq 10 ölkədən 45 vokalçının və 4 ölkədən 26 konsertmeysterin adı məlumdur. İştirakçılar arasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, beynəlxalq müsabiqələr laureatı Mahir Tağızadə və bir neçə beynəlxalq yarışmanın qalibi, Vokalçıların Bülbül adına IX Beynəlxalq müsabiqəsində laureat olarkən tanıdığımız soydaşımız, Rusiyanın Mariinski Teatrının solisti Samirə Şirvan qızı Həlimova da var.
Maraq üçün deyək ki, müsabiqənin mütləq qalibi üçün Qran-pri (2,5 milyon rubl – təxminən 25 min dollar) və layihənin əsas tərəfdaşı olan Stanislavski və Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrında, eləcə də Rusiya Böyük Teatrı, “Gelikon-opera” (Moskva) və digər teatrlarda debüt şansı nəzərdə tutulub.
Hər biri üçün iki mükafat nəzərdə tutulan 1-ci, 2-ci və 3-cü yerlərə görə müvafiq olaraq 1,5 milyon, 1,2 milyon və 1 milyon rubl veriləcək. Konsertmeysterlər üçün isə 1,5 milyon, 1 milyon və 800 min rubl məbləğində üç mükafat ayrılıb.
Gülcahan