Müxtəlif fikirlərə rəğmən, COP29 Azərbaycanın ev sahibliyi ilə yüksək səviyyədə keçirildi.

BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos bunu Portuqaliyada Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşündə deyib.

Allahşükür Paşazadə Azərbaycan nümayəndə heyətinin tərkibində Portuqaliyanın Kaşkayş şəhərində keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edir.

Moratinos QMİ sədrinin “Sülhdə birlik — etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması” mövzusunda Qlobal Forumunda iştirak etməsini yüksək dəyərləndirərək, bu yaxınlarda COP29 çərçivəsində Bakıda Dini Liderlərin Qlobal Sammitinin uğurla keçirilməsi münasibətilə təbriklərini də ona çatdırıb. Qeyd edib ki, hər iki qlobal tədbir Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasətinin, qlobal təfəkkürünün məntiqi nəticəsi, uğurlu təzahürüdür.

Şeyxülislam A.Paşazadə öz növbəsində M.A.Moratinosa Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumuna dəvətə görə minnətdarlığını ifadə edib.

Qeyd edək ki, QMİ sədrinin Qlobal Forumda “Bəşəriyyət naminə iyirmiillik dialoq: keçdiyimiz dərslər üzərində düşünmək və irəliyə doğru yol açmaq” mövzusunda ilk plenar toplantısı ilə yanaşı, “Dini məkanların mühafizəsi üzrə qlobal konfrans”da çıxışı da nəzərdə tutulub.

Görüşdə BMT Sivilizasiyalar Alyansı rəsmisinin Qarabağı tərk etmiş ermənilərin əcdadlarının qəbirlərini ziyarət etməsi ilə bağlı sualına cavab olaraq bildirilib ki, bu məsələ Azərbaycan qanunvericiliyi çərçivəsində həllini tapa bilər.