Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumuna tərəfdaşlıq edir. Noyabrın 25–27-də Portuqaliyanın Kaşkayş (Cascais) şəhərində keçirilən Qlobal Forumda NGBM-in həmsədrləri – Latviyanın sabiq prezidenti xanım Vayra Vike-Frayberqanın və Dünya Bankının sabiq vitse-prezidenti İsmail Serageldinin rəhbərliyi ilə Mərkəzin 20-dən çox üzvü iştirak edir.

Bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən bildirilib.

Məlumatda qeyd olunur ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən toplantının iştirakçıları arasında Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliyev, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Latviyanın sabiq prezidentləri Valdis Zatlers və Egils Levits, Bosniya və Herseqovinanın sabiq prezidenti Mladen İvaniç, Şimali Makedoniya Respublikasının sabiq prezidenti George İvanov, Xorvatiyanın sabiq prezidenti Kolinda Qrabar-Kitaroviç, Belçikanın sabiq baş naziri İv Leterm, Seneqalın sabiq baş naziri Aminata Ture, Yunanıstanın sabiq baş naziri Corc Papandreu və başqaları yer alırlar.

Forumda həmçinin NGBM-in baş katibi Rövşən Muradov, strateji və dayanıqlı inkişaf layihələri üzrə koordinatoru Rza Əliyev iştirak edirlər.

Mərkəzin üzvləri Portuqaliyaya səfərləri çərçivəsində qarşıdan gələn 12-ci Qlobal Bakı Forumuna hazırlığı da müzakirə edəcəklər.