Noyabrın 28-də saat 16:00-da Xətai Sənət Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində elan olunmuş “Əllərin sehri” adlı yaradıcılıq müsabiqəsinin yekun sərgisi açılacaq.

Qeyd edək ki, müsabiqə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, AzTV, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlıq Akademiyasının dəstəyi, Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası, Xətai Uşaq Sənəti Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilib.

Müsabiqənin məqsədi heykəltaraşlıq sahəsində fəaliyyəti olan gənclərin yaradıcılıq ruhunun yüksəldilməsi və asudə vaxtlarının səmərəli təşkilidir.

Müsabiqəyə ölkəmizin müxtəlif bölgələrindən 300-ə qədər uşaq, yeniyetmə və gənc, həmçinin bir neçə yuxarı yaş qrupunun nümayəndəsi fərqli materiallardan hazırlanmış heykəltaraşlıq nümunəsi təqdim edib. Bu əl işləri sırasından 140 müəllifin 160-a yaxın əsəri sərgi üçün seçilib.

Sərgi iştirakçıları sertifikatla, ən az 3 iştirakçı ilə yekun sərgidə təmsil olunan yaradıcılıq müəssisələri təşəkkürnamə ilə təltif olunacaq. Sərgidən seçilən ən yaxşı 20 əsər Xətai Sənət Mərkəzində 2 həftə boyunca nümayiş etdiriləcək.