Mərhum rəssam İsa Məmmədovun sərgisi

 

Dekabrın 6-da Muzey Mərkəzində Əməkdar rəssam İsa Məmmədovun (1956–2024) xatirəsinə həsr olunmuş “Bakının peyzajları” adlı sərgi açılacaq.

Sərgi Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Rəssamlıq Akademiyası, Muzey Mərkəzi, Rəssamlar İttifaqı və Qərbi Azərbaycan İcmasının dəstəyi ilə təşkil olunur.

Ekspozisiyada rəssamın özünəməxsus üslubda kətana köçən Dənizkənarı Milli Park, Nizami küçəsi, Vağzal meydanı, Fəvvarələr meydanı və Bakının bir çox başqa məkanlarını əks etdirən 60 əsər nümayiş etdiriləcək.

İsa Məmmədov 1956-cı ilin 5 martında Zəngəzur mahalının Qafan rayonunda dünyaya göz açıb. İncəsənətə kiçik yaşlarından həvəs göstərib, məktəb illərində rəssamlıq və musiqi ilə məşğul olub. 1979-cu ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib. Sonra bir müddət Moskvada da rəssamlıq dərsləri alır. Qayıtdıqdan sonra 1982-ci ildə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəngkarlıq fakültəsinə daxil olur.

Yaradıcılığında müxtəlif janrlara müraciət etsə də, daha çox mənzərəyə üstünlük verən rəssam bu janrda rəngarəng tablolar ərsəyə gətirib. Böyük şəhərdə yaşayıb, uşaqlıq və gənclik illərinin keçdiyi, amma əlinin çatmadığı yerlərlə bağlı xatirələr onu heç vaxt tərk etməyib. Azərbaycanın rayonlarına tez-tez səfər edib, silsilə tablolar çəkib.

Rəssamın əsərləri arasında xüsusi yer tutan Bakı mənzərələri də həm şəhərin səs-küyündən, həm də hər hansı bir meqapolisə xas olan həyat ritminin sərt təsvirindən  məhrumdur. Onun tabloları təbiətin sevimli guşələrinə, Bakının görməli yerlərinə olan ehtiramlı münasibət, sevgi və hərarət ilə seçilir, bu mənzərələrin ruhu tamaşaçılara da sirayət edir.

Azərbaycan Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyət də göstərmiş Əməkdar rəssam İsa Məmmədov bu il iyunun 22-də, 68 yaşında vəfat edib.