Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin (RMİ) təşkilatçılığı ilə Quba rayon MKS Mərkəzi Kitabxananın Uşaq şöbəsi tərəfindən "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar "Ekologiya uşaqların gözü ilə" rəsm və kitab sərgisi keçirilib.
Sərginin məqsədi təbiətə qayğı və məhəbbətlə yanaşmağı, planetimizin flora və faunasını qorumağı təbliğ etmək, şagirdlərin təsviri sənətə olan marağının artırılmasına və inkişafına yönəltməkdir.
***
Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Cəlilabad şəhər akademik Zərifə Əliyeva adına 7 nömrəli tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuş səyyar sərgi keçirilib.
Şagirdlər Ulu öndərin həyat və siyasi fəaliyyətinə aid kitablar və Cəlilabad səfərlərini əks etdirən fotolarla tanış olublar.
Sərgi zamanı şagirdlərə Heydər Əliyevin mədəniyyətimizə qayğısından, Cəlilabad rayonuna səfərləri haqqında geniş məlumat verilib.
***
Masallı Tarix-Diyarşünaslıq Muzeyi, rayon Heydər Əliyev Mərkəzi, Lənkəran-Astara RGİİ-nin Masallı rayon üzrə sektoru, “Masallı Gənclər Evi” sosial xidmət mərkəzinin birgə təşkilatçılığı ilə “Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir” mövzusunda tədbir keçirilib.
Çıxışlarda Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək məqsədilə bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışılıb. Qeyd olunub ki, müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən siyasəti və Ordumuzun qəhrəmanlığı sayəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin edilib.
***
Astara rayon Heydər Əliyev Mərkəzində Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Qeyd olunub ki, Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutub, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynayıb. Naxçıvan şəhəri Azərbaycan Atabəyləri – Eldəgizlər dövlətinin paytaxtı olub, İslam sivilizasiyasının mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri kimi geniş şöhrət tapıb.
Sonra tədbir iştirakçıları Naxçıvanın MR-in 100 illiyinə həsr olunmuş filmi işləyiblər.
***
Yardımlı Rayon İcra Hakimiyyəti və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə mərkəzdə "Cəmiyyəti düşündürən ən aktual problemlərdən biri: məişət zorakılığı" adlı tədbir keçirilib. Çıxış edənlər hər bir cəmiyyətin ən aktual problemi olan məişət zorakılığının yaranma səbəbləri, problemin qarşısının alınması üçün dövlət tərəfindən həyata keçirilən işlər, qəbul edilən qanun və qərarlar barədə danışıblar.
Hazırladı: N.Məmmədli