Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən H.Abbasov adına Mədəniyyət Mərkəzi tərəfindən "Tanış səslər" adlı yeni layihə həyata keçirilir.

Layihənin məqsədi ömrünü Azərbaycan kinosuna və dublyaj sənətinə həsr etmiş sənətkarlarla yeni nəsil tamaşaçıları görüşdürmək və bu sahəyə maraq oyatmaqdır.

Layihənin ilk qonağı tanınmış dublyaj ustası, filmlərimizdə bir sıra məşhur obrazları səsləndirən Əməkdar artist Nəcibə Hüseynova olub.

Tədbir Azərbaycan filmlərində yaddaqalan səhnələrdən hazırlanmış videoçarxın nümayişi ilə açıq elan edilib. Nəcibə Hüseynova xatirələrindən, sənətə necə gəlməsindən, Azərbaycan kinosundan, dublyaj peşəsinin sirlərindən danışıb.

Sonra Nəcibə Hüseynovanın sənət dostları, həmkarları aktrisanın şəxsi keyfiyyətləri və yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər.

Sonda gənc müğənnilərin ifasında musiqi nömrələri səsləndirilib.

Qeyd edək ki, tamaşaçılar “Təhminə” (Təhminə), “Ölsəm... bağışla” (Gulya), “Otel otağı” (Tamilla), “Qara “Volqa” (Samirə), “Yuxu” (Nazlı) və s. filmlərdə bir sıra obrazları N.Hüseynovanın səsində dinləyiblər.