Milli Kitabxanada görkəmli Azərbaycan bəstəkarı, Dövlət mükafatı laureatı, Xalq artisti Süleyman Ələsgərovun “Süleyman Ələsgərov. Biblioqrafiya” kitabının və “Süleyman Ələsgərov. Sonata” not məcmuəsinin təqdimatı keçirilib.

Kitab Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından birgə nəşridir.

Tədbirdə Milli Kitabxananın direktoru professor Kərim Tahirov xalqımızın musiqi xəzinəsinə misilsiz incilər bəxş etmiş Süleyman Ələsgərovun ömür yolundan və zəngin yaradıcılığından danışıb. O, biblioqrafiya kitabının çap olunmasında əsas məqsədin görkəmli bəstəkarın əziz xatirəsini yaşatmaqdan ibarət olduğunu bildirib. Süleyman Ələsgərov kimi görkəmli sənətkarların heç vaxt unudulmayacağını, yaratdığı əsərləri ilə ölməzlik qazandığını vurğulayıb.

Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynov Süleyman Ələsgərovun Azərbaycan mədəniyyətində müstəsna xidmətləri olduğunu qeyd edib. Yaradıcılığında dahi bəstəkar Üzeyir Hacıbəylidən bəhrələnən Süleyman Ələsgərovun “Bahadır və Sona” əsərinin Azərbaycanın qiymətli incilərindən biri olduğunu bildirib.

“Süleyman Ələsgərov. Biblioqrafiya” kitabının görkəmli bəstəkarı daha yaxından tanımaq üçün ən yaxşı mənbə olduğunu söyləyən akademik bu işdə əməyi keçən hər kəsə təşəkkür edib.

Tədbirdə Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən Musiqi Kollecinin direktoru, professor Nazim Kazımov, Şuşa İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, professor Gülnaz Abdullazadə, Xalq artistləri Faiq Sücəddinov, Sərdar Fərəcov, Ağaverdi Paşayev və başqaları Süleyman Ələsgərovun çoxşaxəli fəaliyyətindən, zəngin yaradıcılığından, elmi-pedaqoji fəaliyyətindən, yeni musiqi təhsil ocaqlarının açılmasındakı rolundan, doğma Şuşaya sonsuz sevgisindən, xeyirxahlığından, tələbələrə qayğı və sevgisindən ətraflı bəhs ediblər.

“Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından çap olunan biblioqrafiyanın Süleyman Ələsgərov yaradıcılığına açılan bir pəncərə olduğunu söyləyiblər.

Görkəmli bəstəkarın nəvəsi Əməkdar artist Tahir İmanov ailələri adından ölkə başçısına Süleyman Ələsgərovun 100 illik yubileyinin yüksək səviyyədə keçirilməsi haqqında imzaladığı Sərəncama görə təşəkkürünü bildirib. Süleyman Ələsgərovun 100 illiyinin Şuşada da qeyd olunduğunu xüsusi vurğulayıb.

Qeyd edək ki, "Süleyman Ələsgərov. Biblioqrafiya" kitabının tərtibçisi Mətanət İbrahimova, elmi redaktoru professor Kərim Tahirov, “Ön söz”ünün müəllifləri akademik Rafael Hüseynov, Xalq artisti, professor Siyavuş Kərimi, redaktoru Xeyransa Abbasovadır.

1945-2024-cü illəri əhatə edən biblioqrafiyada bəstəkarın əsərləri ilə yanaşı, həyat və yaradıcılığı haqqında zəngin material toplanmış, eləcə də dünya kitabxanalarında mühafizə olunan əsərləri öz əksini tapmışdır.

Biblioqrafiya ilə tanış olmaq istəyənlər bu linkdən istifadə edə bilərlər.

“Milli musiqi xəzinəmizdən” seriyası ilə çap olunan “Süleyman Ələsgərov. Sonata” not məcmuəsinin isə layihə rəhbəri professor Kərim Tahirov, tərtibçisi Mətanət İbrahimova, redaktoru Sərdar Fərəcovdur.