Bakıdakı Rus evində “Rus dili: MDB ölkələrində oxuyuruq, dinləyirik, baxırıq” adlı mədəni-maarif tədbiri keçirilib. İncəsənət, mədəniyyət və elm nümayəndələrini bir araya gətirən layihə çoxlu sayda qonağın marağına səbəb olub.

Bu tədbir Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva, Azərbaycanın dövlət təhsil və mədəniyyət müəssisələri, Rusiya Mədəniyyət Nazirliyi, “Roskonsert”, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi - Bakıdakı Rus evi, L.N. Tolstoyun Moskvada dövlət muzeyi, “KinoFokus” şirkətinin dəstəyi ilə Film Festivalları və Beynəlxalq Proqramlar Mərkəzi tərəfindən həyata keçirilib.

Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov çıxış edərək bu gecənin hazırlanmasına görə təşkilatçılara təşəkkürünü bildirib.

Kino Festivalları və Beynəlxalq Proqramlar Mərkəzinin prezidenti, Rusiyanın Əməkdar mədəniyyət işçisi Tatyana Şumova layihənin əhəmiyyətindən ətraflı danışıb, Leyla Əliyevaya və Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.

Gecənin proqramı Rusiya Böyük Teatrının solistlərinin konserti ilə davam edib. Ümumrusiya və beynəlxalq müsabiqələrin laureatları Olqa Seliverstova (soprano) və Aleksandr Kasyanov (bariton) pianoçu Mariya Oselkovanın müşayiəti ilə rus, Azərbaycan və dünya opera klassiklərinin şah əsərlərini ifa ediblər.

Bakıdakı Rus evinin rəhbəri İ.Zinnurov AZƏRTAC-ın müxbiri ilə söhbətində layihənin əhəmiyyətini vurğulayıb: “Belə tədbirlər daha tez-tez keçirilməlidir, çünki onlar ölkələrimiz arasında mədəni mübadiləni təşviq edir. Bu səviyyəli tədbirlər nə qədər çox olsa, ölkələrimiz üçün bir o qədər yaxşıdır. Həmçinin Rusiyada da azərbaycanlı artistlər bir çox əsərlər ifa edirlər. Mədəni mübadilə lazımdır, bu, hamımızı zənginləşdirir”, - deyə o qeyd edib.

Tədbir çərçivəsində “Hisslərin stenoqrafiyası. Lev Tolstoy və musiqi” adlı sərginin açılışı olub. Sərgiyə ekskursiya L.N.Tolstoy Dövlət Muzeyinin baş elmi işçisi Olesya Voloseviç tərəfindən aparılıb. Mühazirə ziyarətçilərə dahi yazıçıya qeyri-adi tərəfdən baxmağa imkan verdi, musiqinin onun həyat və yaradıcılığında oynadığı rolu üzə çıxardı. Nadir sənədlər, əlyazmalar və musiqi yazıları da daxil olmaqla unikal eksponatlar Lev Tolstoyun musiqi dünyası ilə dərin əlaqəsini nümayiş etdirdi.

“Biz layihə və proqramlarımızla gələndə həmişə konsertləri təkcə bir məkanda keçirməkdən deyil, həm də mümkün qədər çox sayda ictimaiyyəti əhatə etməkdən məmnunuq.

Leyla xanım Əliyeva və Heydər Əliyev Fondu ilə birgə Azərbaycanda və Rusiyada layihələrimiz planlaşdırılıb. Azərbaycanda deyəndə mən təkcə Bakıda nəzərdə tutmuram, biz həm də mümkün qədər çox sayda ictimaiyyətlə görüşmək, müxtəlif yaşda olan insanları görmək və onları tanınmış və gənc ifaçılarımızın yaradıcılığı ilə tanış etmək üçün Azərbaycanın işğaldan azad edilmiş şəhərlərinə də səyahət etməyi planlaşdırırıq”, - deyə T.Şumova AZƏRTAC-ın müxbirinə bəhs edib.