Antonio Koşta ötən il korrupsiya ilə əlaqədar istefa vermişdi

 

Avropa İttifaqı Şurasının Prezidenti vəzifəsində belçikalı Şarl Mişeli portuqaliyalı Antonio Koşta əvəz edib. O, dekabrın 1-də vəzifəsinin icrasına başlayıb.

A.Koştanın bu vəzifəyə namizədliyi iyun ayında Avropa Parlamentinə seçkilərdən sonra Avropa İttifaqına üzv ölkələrin rəhbərləri tərəfindən razılaşdırılmışdı.

Brüsseldə Avropa İttifaqı Şurasının qərargahında keçirilən mərasimdəki çıxışında o, Avropa İttifaqı ölkələri və qurumları arasında daha sıx əməkdaşlığın və dialoqun önəmini vurğulayıb: “Biz ancaq birlikdə ümumi rifaha, iqtisadi inkişafa və iqlim transformasiyasına nail ola, Avropanın səsini beynəlxalq səviyyədə eşitdirə bilərik”.

63 yaşlı A.Koşta 2015–2023-cü illərdə Portuqaliyanın Baş naziri olub. O, litium və “yaşıl” hidrogenlə bağlı bir sıra layihələrdə korrupsiya hallarına dair yayılan iddialarla əlaqədar açılan cinayət işinə görə ötən ilin iyulunda vəzifəsindən istefa vermişdi.

Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə yeni Ali nümayəndəsi vəzifəsində isə ispaniyalı Cozep Boreli estoniyalı Kaja Kallas (2021–2024-cü illərdə Estoniyanın Baş naziri olub) əvəzləyib.

Avropa Komissiyasının (İttifaqın hökuməti) sədri Ursula fon der Lyayen isə daha 5 il bu vəzifədə qalacaq.

Qeyd edək ki, Avropa Komissiyasının tərkibi hər 5 ildən bir Avropa Parlamentinə seçkilərdən sonra yenilənir. Avropa Komissiyasının müxtəlif sahə və fəaliyyət istiqamətləri üzrə ümumilikdə 26 komissarı (naziri) var.