Azərbaycan Milli İncəsənət Muzeyi Azərbaycan Mədəniyyət Nazirliyi ilə birgə və Bakıdakı Rus evinin “Humanitar Missiya Proqramı”nın dəstəyi ilə “De Bur Sarayının kaminləri” adlı elmi-tədqiqat layihəsini təqdim edib.
Birgə elmi-tədqiqat işinin aparılması üçün “Keramarx” Memarlıq Bədii Keramika Muzeyinin mütəxəssisləri - “Keramarx” Memarlıq Bədii Keramika Muzeyinin direktoru, “Pallada” bərpa-tikinti şirkətinin direktoru Konstantin Lixolat, Rusiyanın Əməkdar Mədəniyyət İşçisi, “Keramarx” Memarlıq Bədii Keramika Muzeyinin kuratoru Mariya Makoqonova, eləcə də “Keramarx” Memarlıq Bədii Keramika Muzeyinin elmi müşaviri, iqtisad elmləri namizədi Andrey Rodenkov Azərbaycana dəvət olunublar.
Mütəxəssislər bir sıra görüşlər keçirməyi, De Bur Sarayının (Azərbaycan Milli İncəsənət Muzeyi, AMİM) interyerinə baxış keçirməyi, AMİM fondlarını öyrənməyi, sobaların fotoşəkillərini çəkməyi, kamin elementlərini ölçməyi, onlara baxış keçirməyi və skan etməyi planlaşdırırlar. Həmçinin, Bakı şəhərinin bəzi tarixi binalarında memarlıq keramika mövzusunda fondların və sərgilərin öyrənilməsi nəzərdə tutulur. Layihənin məqsədi: muzey ziyarətçilərinə De Bur Sarayının kaminlərinin tarixi və bədii dəyəri haqqında hərtərəfli məlumat təqdim etmək, onların memarlıq və mədəni irsdəki əhəmiyyətini açmaqdır.
Azərbaycan Milli İncəsənət Muzeyində təqdimat xarakterli mətbuat konfransı keçirilib, burada mütəxəssislər “De Bur Sarayının kaminləri” layihəsinin icrası ilə bağlı plan və tapşırıqlarını təqdim ediblər. Mətbuat konfransının əvvəlində çıxış edən AMİM direktoru Şirin Məlikova tədbirə gələnləri salamlayaraq, mütəxəssisləri təqdim edib. O, layihənin, qarşıdakı tədqiqatların əhəmiyyətini vurğulayarıb və gələcək planlardan bəhs edib. Daha sonra çıxış edən Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov qeyd edib ki, tədbir “İlhamvericilər. Xeyirxah işlər vaxtı Forumu” layihəsinin “Xeyirxahlıq missiyası” çərçivəsində həyata keçirilib. Sonra mütəxəssislər təşkilatçılara minnətdarlıqlarını bildirib, layihənin əhəmiyyətindən ətraflı danışıblar. Bundan əlavə, onlar muzeyə xatirə hədiyyələri veriblər.
AMİM direktoru Şirin Məlikova AZƏRTAC-ın müxbiri ilə söhbətində layihə haqqında danışıb: “De Bur Sarayının kaminləri” gözəl layihədir və əminəm ki, böyük marağa səbəb olacaq. Bu, tamamilə toxunulmamış mövzudur. Araşdırmamıza başlayanda Bakıda bu mövzuda heç bir materiala rast gəlmədik. Biz dərk edirik ki, təkcə muzeyimizdə deyil, XIX əsrin sonu - XX əsrin əvvəllərinə aid müxtəlif digər tikililərdə də yaşayış və saray binalarının interyerlərində möhtəşəm kamin nümunələri hələ də qorunub saxlanılır.
Bir sənətşünas kimi mənim üçün onların yaranma tarixini haqqında daha çox məlumat əldə etmək həmişə maraqlı olub. Hər bir zalda müxtəlif dövrləri əks etdirən müxtəlif bədii tərtibatlı kaminlərin nümayiş olunduğunu görə bilərik. Bu, haradasa art-nuvo, haradasa art-deko, haradasa rokoko, barokko və ya klassisizmdir - demək olar ki, bütün əsas üslublar bu kirəmitli sobalarda təcəssüm olunub. Bu, çox maraqlı mövzudur və əsrlərin kəsişməsində - şəhərin qızıl dövrü, neft bumu dövrü, genişmiqyaslı tikinti və Bakının yeni simasının formalaşması, mənəvi dolğunluğu dövründə Bakının tarixindən daha bir səhifəni açacaqdır. Layihənin uğurlu olacağını gözləyirəm. Bu, təkcə bizim muzeylə məhdudlaşmayacaq - digər malikanələri də əhatə etməyə çalışacağıq, həmçinin fərdi evlərdən nümunələr təqdim edəcəyik. Aparılan işlərin nəticələrinə əsasən, arxiv materiallarından ibarət tədqiqat kitabı tərtib etməyi planlaşdırırıq. Düşünürəm ki, bu, milli incəsənət tarixinin inkişafına mühüm töhfə olacaq”, - deyə həmsöhbətimiz qeyd edib.
Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov AZƏRTAC-ın müxbiri ilə söhbətində layihənin əhəmiyyətini vurğulayıb: “Belə layihələr mədəniyyətlərin kəsişməsi, bir növ dialoqdur. Bu dialoq sayəsində həm Rusiyadan olan mütəxəssislər, həm də Azərbaycan mütəxəssisləri üçün qarşılıqlı zənginləşmə baş verir. Mənə elə gəlir ki, belə layihələr daha çox olarsa, bu, ölkələrimizə daha çox fayda gətirər. Son zamanlar ölkələrimiz arasında qarşılıqlı münasibətlər möhkəmlənir və bu, istənilən baxımdan əla olardı. Dostluq əlaqələrimizi gücləndirmək lazımdır və hazırki layihə bunun üçün gözəl imkan yaradır. Belə dialoqlar nə qədər çox olarsa, həm Azərbaycanın, həm də Rusiyanın mədəniyyəti bir o qədər daha çox və daha yaxşı zənginləşər”.
Qeyd edək ki, layihə çərçivəsində memarlıq bədii keramika, onun öyrənilməsi, bərpası və sərgilənməsi ilə bağlı bir sıra mühazirələr keçiriləcək:
Dekabrın 4-də, saat 19:00-da “Memarlıq keramikasının bərpası. Texnologiya. Nümunələr”. Mühazirəçi: Lixolat K.V.
Dekabrın 5-də, saat 17:00-da “Sərgi və kolleksiya fəaliyyətlərinə əsas yanaşmalar”. Mühazirəçi: Makoqonova M.L.
Dekabrın 7-də, saat 17:00-da “Keramarx” Muzeyinin nəşr layihələrinin icmalı”. Mühazirəçi: Rodenkov A.İ.