Hər bir sənətkarı özündən sonra xatırladacaq bir iz olur. İlk qadın rəngkar, Əməkdar incəsənət xadimi Vəcihə Səmədovadan onu əbədi yaşadacaq dəyərli bir irs qalıb. Özünəməxsus yaradıcı manerası ilə seçilən və sevilən görkəmli sənətkarın əsərləri bu gün də sənətsevərlər tərəfindən maraqla qarşılanır. 

Görkəmli sənətkarı anadan olmasının 100 illiyi münasibətilə yada saldıq.

Vəcihə Əli qızı Səmədova 24 noyabr 1924-cü ildə Bakı şəhərində dünyaya göz açıb. Erkən çağlardan təsviri sənətə maraq göstərib. Valideynləri onun bu arzusunun əksinə getmirlər. O, ilk ixtisas təhsilini Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda alır.

Sonra V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun Rəngkarlıq fakültəsində təhsilini davam etdirir. Məşhur rus rəssamı Pavel Korindən sənətin sirlərini öyrənir. 1951-ci ildə “Üzeyir Hacıbəyli tələbələri arasında” adlı diplom işini müvəffəqiyyətlə müdafiə edir. Müəllimlərinin təkidi ilə təhsilini daha üç il aspiranturada davam etdirir. Həmin ərəfədə oxuduğu institutda dərs demək təklifi alır. Ancaq o, Bakıya qayıtmağı daha münasib bilir və yaradıcılığa başlayır.

Gənc Vəcihə ilk günlərdən gərgin yaradıcılıq fəaliyyəti göstərir. Ərsəyə gətirdiyi “Avtoportret”, “Gənc skripkaçı”, “Pambıqçı”, “Şamama Həsənovanın portreti” , “Aktrisa Leyla Bədirbəyli”, “Sürəyya Kərimova”, “Söhbət İbrahimova”, “Geoloq Minurə Məmmədbəyli” və digər əsərləri uğurlu portret yaradıcılığı hesab edilir. O, həmçinin “İmtahandan əvvəl”, “Xəbər gözləyərkən”, “Kəşfiyyatçı qocalar”, “Azərbaycan toyu” və digər tematik tabloları ilə mükəmməl kompozisiya işi yaradır.

Görkəmli sənətkarın 1950–1960-cı illər yaradıcılığı, xüsusilə “Kürün sahilində” adlı əsəri bədii-estetik axtarışlarının zirvəsi hesab edilib. 

Rəssamın yüksək sənətkarlıq metodu ilə yaratdığı “Mahnı”, “Toy günü”, “Nişan aparanlar”, “Kür qırağında”, “Gözləmə” tematik tabloları da diqqəti cəlb edir, tamaşaçıda rahatlıq duyğuları yaradır.

Vəcihə Səmədova portret və mənzərə, tematik tablo və natürmort janrında yaratdığı bütün əsərlərinə yüksək sənətkarlıqla yanaşıb. “Qoşqar yaylağında”, “Göygöl”, “Kəpəz”, “Kür sahillərində”, “Zığ”, “Çadırlar” və s. onun mənzərə əsərlərindəndir.

 Araşdırmalarda qeyd edilir ki, Vəcihə Səmədova 1962-ci ildə  Bolqarıstanda yaradıcılıq ezamiyyətində olur. Qayıtdıqdan sonra Bakıda fərdi sərgisi açılır. Sərgidə onun  Bolqarıstan səyahəti təəssüratını əks etdirən “Qoca bolqar qadınları” , “Sofiyada bazar”, “Yağışlı gün” kimi əsərləri nümayiş olunur. Tablolar baxanların zövqünü oxşayır. Sənətşünaslar tərəfindən əsərlərdəki rəng çalarları və milli kolorit yüksək dəyərləndirilir. Daha sonra rəssamın Moskva, Sofiya və digər şəhərlərdə fərdi sərgiləri keçirilir.

Təsviri sənətin inkişafı və təbliğindəki əməyi yüksək qiymətləndirilən Vəcihə Səmədovaya 29 iyun 1964-cü ildə “Əməkdar incəsənət xadimi” adı verilir. Azərbaycan Rəssamlar İttifaqı idarə heyətinin üzvü və Rəngkarlıq seksiyasının sədri olan rəssam ilk sənət təhsilini aldığı texnikumda pedaqoji fəaliyyət də göstərir, istedadlı gənclərə sənətin sirlərini öyrədir.

Vəcihə Səmədova qısa zaman kəsiyində geniş və dəyərli yaradıcılıq yolu keçir. Amma yeni mövzu axtarışlarında ikən ömür vəfa etmir. 24 oktyabr 1965-ci ildə dünyasını dəyişir.

Vaxtsız itki hər kəsdə təəssüf doğurur. Azərbaycan Rəssamlar İttifaqının sərgi salonuna Vəcihə Səmədovanın adı verilir.

İllər sonra oğlu kinorejissor Nicat Feyzullayev onun haqqında “Azərbaycan rəngkarlığının kraliçası” adlı sənədli film (ssenari müəllifi Aqşin Mirfeyzullazadə, operatoru Nizami Abbas) çəkir. “Yaddaş” studiyasında çəkilmiş filmin təqdimatı 2010-cu ildə olub.

2018-ci ildə isə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində “Azərbaycan mədəniyyəti günləri” çərçivəsində Vəcihə Səmədova və həyat yoldaşı rəssam Lətif Feyzullayevin əsərlərindən ibarət “Məhəbbət tandemi” adlı sərgi keçirilib.

Bu il rəssamın yubileyi münasibətilə Azərbaycan Milli İncəsənət Muzeyində “Vəcihə Səmədova 100: sənətkar ömrünün səhifələri” sərgisi təşkil olunub. 

Savalan Fərəcov