Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının Qarabağ müharibəsinin şəhid və qazi musiqiçilərdən bəhs edən “Nəğmə də bir silahdır” kitabı çap olunub.

Beynəlxalq Muğam Mərkəzində yeni nəşrin təqdimatı keçirilib.

Təqdimat mərasimində Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist Sahib Paşazadə və başqaları çıxış edərək kitabın məziyyətlərindən danışıblar.

Bildirilib ki, musiqi, nəğmə insanın mənəvi silahıdır. Bu mənəvi silah hərbçilərimizin mübarizə ruhunu daha da artırıb. Vətən torpaqlarının müdafiəsi zamanı onların əlində həqiqi silah, ürəklərində isə mənəvi silah – musiqi olub.

Vurğulanıb ki, Səadət Təhmirazqızının ərsəyə gətirdiyi “Nəğmə də bir silahdır” kitabında bu mövzu daha geniş şəkildə şərh olunub. Şəhid və qazi musiqiçilərin həyat və yaradıcılıq yolu ilə yanaşı, kitabda “Musiqidə hərbi vətənpərvərlik”, “Musiqidə şəhidlərin tərənnümü” və “Qələbəmizin musiqi müjdəsi” bölmələri də var. Bölmələrdə bəstəkarlarımızın hərbi vətənpərvərlik mövzusunda qələmə aldıqları və şəhidlərə həsr olunan əsərlərindən, 44 günlük Vətən müharibəsinin Qələbə müjdəsinə həsr olunan musiqi nümunələrindən söhbət açılır.

Çıxışlardan sonra bəstəkar Azad Zahidin “Qələbəyə gedən yol”, qazi bəstəkar Vüqar Məmmədzadənin “Dəmir yumruq” əsərləri səsləndirilib.

Eyni zamanda Əməkdar artist Cabir Abdullayev, müğənni Sahib İbrahimov, beynəlxalq müsabiqələr laureatları Atəş Qarayev, İdris Hüseynov və gənc ifaçı Əvəzxan Əzizov öz çıxışları ilə tədbirə xüsusi rəng qatıblar.

Xalq artisti Gülyaz Məmmədova musiqisi və sözləri Səadət Təhmirazqızına aid olan “General Polad” mahnısını səsləndirib.

Sonda müəllif şəhid ailələri və qazilərə yeni kitabını hədiyyə edib.