Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası və 1 nömrəli kitabxana filialının birgə təşkilatçılığı ilə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş tədbir keçirilib.
“Füzuli yaradıcılığının işığında” adlı tədbirdə elm adamları, mədəniyyət işçiləri, ədəbiyyatsevərlər və digər qonaqlar iştirak ediblər.
Çıxış edənlər Məhəmməd Füzulinin yaradıcılığının klassik Azərbaycan poeziyasında zirvədə qərarlaşdığını bildiriblər. Qeyd olunub ki, şairin ədəbi irsi Türk-müsəlman aləmində ədəbi fikrin inkişafına mühüm təsir göstərib. Füzuli ədəbi məktəbi əsrlərlə davam edib, yüzlərlə ədib üçün işıqlı yol olub.
Tədbirin bədii hissəsində dahi şairin qəzəllərindən ibarət kompozisiyalar təqdim edilib.
Sonda qonaqlar Füzuli yaradıcılığına həsr edilmiş kitab sərgisi ilə tanış olublar.