Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyi ilə tərcümə edilmiş növbəti kitab işıq üzü görüb.

İttifaqdan bildirilib ki, amerikalı yazıçı, ssenarist Linda Segerin “Yaxşı ssenarini əla ssenariyə necə çevirməli” (“How to make a good script great”) kitabını Azərbaycan dilinə yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirli tərcümə edib.

Kitabda ssenarinin necə yazılması və maraqlı hekayənin necə qurulmasından bəhs edilir. Linda Seger yazıçılara, kinodramaturqlara, rejissorlara və prodüserlərə yaxşı ssenarini əla ssenariyə çevirməyin yollarını izah edir. Ssenarinin doğru formada redaktə olunması da ssenarist üçün sehrli bir gücdür. Məhz bu, pis ssenarini yaxşıya, yaxşı ssenarini isə əlaya çevirə bilər.

Əli Əmirli kitaba yazdığı ön sözdə diqqətə çatdırır ki, amerikalı müəllif tərəfindən kitabda kinossenarinin bütün komponentlərinə göstərilən tələblər araşdırılıb. Əlavə olaraq onu da bildirir ki, əslində, kitab sadəcə, redaktorlara deyil, həm də daha çox kinodramaturqlara və kinorejissorlara ünvanlanıb.

Kitabın nəşrinə məsul AKİ-nin icraçı katibi rejissor Əli İsa Cabbarovdur. Kitab Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinə, kinematoqrafiya sahəsində təhsil alan və çalışan gənclərə paylanılacaq.