…Mən uşaq olanda məhəlləmizdə Pələng adında bir it vardı. Küçəmizin o biri üzündəki bazarın iti idi. Bütün küçə itləri, ya da “həyət-bacanı qorusun” düşüncəsi ilə köpək saxlayanların həyət iti kimi Pələngin də cinsi bilinmirdi; amma çox yekə it idi. Yəqin elə boy-buxununa, güclü, ağır pəncələrinə, daim ağaran iri köpək dişlərinə görə adını Pələng qoymuşdular. Bazarın təxminən 200 metrlik radiusunda yaşayan valideynlər yaramazlıq edən, yeməyini yeməyən, günorta yuxusunu yatmayan övladlarını Pələnglə qorxutsalar da, onun kimisə qapdığını, kiməsə yersiz hürdüyünü eşitməmişdim. Bazarda ət dükanı saxlayan qəssabların hamısı onu bəsləyirdi. Deyirdilər ki, Pələng bizim malımızı gündüz oğru pişiklərdən, gecə də oğru ikiayaqlılardan qoruyur. Təhlükəsizlik kameralarının yox vaxtında çörəyinə (oxu: sümüyünə) sədaqətli bazar köpəyindən yaxşı mühafizə ola bilməzdi...

***

Ülviyyə Heydərovanın “Pələng” monopyesinin tamaşasına baxacağımı biləndə uşaqlıq illərimdə tanıdığım, heç zaman qorxmadığım Pələngi yadıma saldım. Fikirləşdim ki, yəqin tamaşaya baxanda biləcəyəm ki, Ülviyyə xanımın qəhrəmanı Pələnglə mənim tanıdığım Pələng arasında hansı oxşarlıq var?

Pyes Sumqayıt Dövlət Dram Teatrında səhnəyə qoyulub. Quruluşçu rejissoru yaxın gələcəkdə uğurlu işlərilə çox tanınacağına inandığımız gənc rejissor Ümid Abbas Nihani, quruluşçu rəssamı Elxan Sərxanoğludur. Pələng rolunda gənc aktyor Kamran Muradlı çıxış edir.

***

Tamaşa başlayır. Qaranlıqda uzaqdan narazı it hürüşü eşidilir. Səhnə işıqlanınca boynu qırıq zəncirli ala-qara it görünür. Səhnənin bir dekoru da iri laylı, nəfəslikli pəncərə çərçivəsidir. Hadisələr inkişaf etdikcə biləcəyik ki, bu çərçivə lazım gələndə otaq pəncərəsi də olacaq, yuva da, müşahidə məntəqəsi də, hətta qəbir də.

Ömür boyu diri oyuncaq kimi əzizlənmiş, işi-gücü yalnız Sahibəsini əyləndirməkdən ibarət olmuş Pələng öz həyatını nəql edir, it gününə necə düşdüyünü yada salır.

Nə qədər ki, adı görkəminə yaraşmayan Pələng özünü sevimli oyuncaq kimi aparır, hər şey qaydasında davam edir…

Amma bir gün Pələng Sahibəsini dişləyir. Sahibi onu döyərək həyətə atır. Beləcə, Pələngin it günündə keçəcək ömrünün təməli qoyulur. Gözünü qırpmadan baxanda insan da belədir. Özünü hansı üsulla olsa, təsdiqləməyə can atan, oyuncaq olmaqdan imtina edən kimi ona münasibət dəyişir.

Sonra isə Pələng xəyanətin şahidi olur. Sahibi evdə olmayanda onun dostu tez-tez Sahibəyə qonaq gəlir. Amma Pələng heç nə edə bilmir, Sahibini xəyanətdən qoruya bilmir. Sahibi vəfat edəndən sonra isə küçəyə atılır. Ömür boyu hazır yeməyə alışmış Pələng səfillik içində necə dolanacağını bilmir. Küçədə onun it gününə düşməmişdən alışdığı həyatın dəyərləri keçmir… Elə insanların həyatı da belədir. İnandıqların, dəyər verdiklərin səndən üz çevirincə həyatın o biri üzü ilə burun-buruna gəlirsən…

Əsərin məzmununu danışmaq, beləliklə də, bir qədər tənbəl oxucunun marağını qaçırmaq istəmirik (teatrı sevən oxucunu maraqlandırmaq üçün yazdıqlarımız kifayətdir).

Tamaşada çox maraqlı məqam diqqətimizi çəkdi. Qeyd etdiyimiz kimi, “Pələng” monotamaşadır. Aktyor Kamran Muradlı da öz rolunun öhdəsindən bacarıqla gəlir. Lazım gələndə gerçək it hərəkətlərini yerinə yetirir, lazım gələndə dönüb olur Sahibə, Sahib, bir də Təzə kişi. Müəllif, rejissor, bəlkə də rəssam, ya da onların hər üçü birlikdə, digər qəhrəmanları canlaqdırmaq üçün maraqlı bir üsul seçiblər: ağ (Sahib), qırmızı (Sahibə), bir də qara şlyapa (Təzə kişi). Əgər Kamran hər dəfə bu görünməyən qəhrəmanları danışdırmaq üçün həmin şlyapalardan birini başına qoysaydı, bu məqamı xüsusi vurğulamağa ehtiyac qalmazdı. Amma həmin baş geyimləri eynən Pələngin boynundakı zəncirlə yuxarıdan bərkidilib. Və aktyor məqamı yetişdikcə həmin şlyapaları zəncirdən ayırmadan başına keçirir və tamaşaya davam edir. Müəllifinin kim olduğu fərq etməz, uğurlu tapıntıdır.

***

…Fürsət düşən kimi, Sumqayıt teatrının “Pələng” tamaşasına baxın. Yeni dramaturqu, rejissoru, aktyoru tanımaq və gənclərin yönəldəyəcəyi teatr prosesini anlamaq üçün.  Yeri gəlmişkən, biz bu tamaşaya Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının “Bölgə teatrlarının Bakı premyeraları” layihəsi çərçivəsində dekabrın 3-də paytaxt səhnəsində baxdıq.

Gülcahan Mirməmməd