Dekabrın 5-də Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi (RMİ), Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı, Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə şəhərdəki Heydər Əliyev parkında I Ləvəngi festivalı keçirilib.
Tədbirdə Lənkəran-Astara RMİ-nin rəisi Bəxtiyar Qılıncov, İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov, hüquq mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisələrin rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Lənkəranın, eləcə də ümumilikdə cənub bölgəsinin ən məşhur yerli təamı hesab olunan ləvənginin UNESCO-nun müvafiq siyahısına salınması məqsədilə təşkil edilən festivalda müxtəlif ləvəngi növləri nümayiş etdirilib. Bu təamlar Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən qiymətləndirilib, qaliblərə diplomlar təqdim olunub.
Festivalda Lənkəran-Astara, Şəki-Zaqatala və Şirvan-Salyan RMİ-lərin tabeliyində fəaliyyət göstərən bədii özfəaliyyət kollektivlərinin ifasında rəngarəng ədəbi-bədii kompozisiyalar nümayiş olunub, musiqi nömrələri səsləndirilib.
Qeyd edək ki, Lənkəran şəhəri “qastronomiya” tematikası üzrə 2021-ci ildən UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinin üzvüdür.