Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində müəllimlərin peşə səriştə və bacarıqlarının ölçülməsi, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi və optimal müəllim heyətinin formalaşdırılması məqsədilə 2025–2026-cı illər ərzində attestasiya keçiriləcək.

Dekabrın 6-da Muzey Mərkəzində bununla bağlı mətbuat konfransı keçirilib.

Nazirliyin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova bildirib ki, attestasiyanın məqsədi nazirliyin tabeliyindəki təhsil müəssisələrində müəllimlərin peşə səriştə və bacarıqlarının ölçülməsi, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi və optimal müəllim heyətinin formalaşdırılmasıdır. Qiymətləndirmə ümumilikdə ölkə üzrə 2025–2026-cı illər ərzində keçirilməsi planlaşdırılır. İlk mərhələdə fortepiano və musiqi nəzəriyyəsi ixtisasları, daha sonra digər ixtisaslar üzrə attestasiya aparılacaq.

Attestasiya komissiyasının formalaşdırılması haqqında məlumat verən mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov deyib ki, hər biri 5 nəfər olmaqla fortepiano ixtisası üzrə 7, musiqi nəzəriyyəsi ixtisası üzrə 3 komissiya yaradılacaq. Qanunvericiliyə uyğun olaraq, komissiyanın 1 üzvü Həmkarlar İttifaqı Komitəsindən, digər 4 üzv isə müstəqil ekspert qismində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Milli Konservatoriyası və digər qurumlardan cəlb ediləcək.

Nazirin müşaviri Cəsarət Valehov bildirib ki, bu il Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil ocaqlarına 123 müəllim işə qəbul edilib. Boş qalan yerlərə isə 35 əlavə qəbul reallaşdırılıb. Qəbul prosesi ilk dəfə olaraq “my.culture.az” vahid şəxsi kabinet vasitəsilə aparılıb. İşə qəbul olunanların ilk dəfə olaraq 65 faizi ali təhsillidir.

Qeyd olunub ki, ilk olaraq 2025-ci ilin fevral ayı ərzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan məktəblərdə, həmçinin Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə fəaliyyət göstərən müəllimlərin qiymətləndirilməsi aparılacaq. Həmçinin Mil-Muğan, Şirvan-Salyan və Quba-Xaçmaz regional idarələri üzrə ilin sonunadək hər iki ixtisas üzrə attestasiyanın yekunlaşdırılması planlaşdırılır.

İlkin mərhələdə ümumilikdə 4100 müəllimin attestasiyadan keçirilməsi nəzərdə tutulur. Qiymətləndirmə prosesinə niyə fortepiano və musiqi nəzəriyyəsindən başlanılması məsələsinə toxunan Cəsarət Valehov deyib ki, bu ixtisaslar üzrə müəllimlərin sayı bütün müəllimlərin ümumi sayının 57 faizini (fortepiano 45%, musiqi nəzəriyyəsi 12%) təşkil edir.

Diqqətə çatdırılıb ki, hər bir ixtisas üzrə attestasiya proqramı hazırlanıb, qanunvericiliyə əsasən, prosesin başlanmasına bir ay qalmışdan gec olmayaraq attestasiyadan keçməli olan müəllimlərə veriləcək. Proqramlar nazirliyin culture.gov.az rəsmi səhifəsində də yerləşdiriləcək.

Sonda media nümayəndələrinin sualları cavablandırılıb.

***

Musiqi və incəsənət məktəbləri müəllimlərinin peşə bacarıqlarının qiymətləndirilməsi ilə bağlı dekabrın 10-da Sumqayıt şəhərindəki “Kimyaçı” Mədəniyyət Sarayında məlumatlandırma sessiyası keçirilib. Qeyd olunub ki, attestasiya prosesinə 2025-ci ilin 3 fevral tarixində başlanılması nəzərdə tutulur.

Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini Eldar Qocayev attestasiyanın hüquqi əsasları, habelə attestasiyası keçirilməyən işçilər haqqında məlumat verib.

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin (RMİ) tabeliyindəki təhsil ocaqlarının direktor, direktor müavinləri və müəllimlərinin müəssisələrin maddi-texniki bazasının genişləndirilməsi, yeni dərslik və dərs vəsaitlərinin nəşri və s. məsələlərlə bağlı təklifləri dinlənilib, sualları cavablandırılıb.

RMİ üzrə növbəti məlumatlandırma sessiyası Xırdalan şəhərində olacaq.

Nurəddin