Milli Xalça Muzeyində sərgi

 

Mədəniyyət Nazirliyi və Bakı Yunus Əmrə İnstitutunun dəstəyi ilə dekabrın 6-da Azərbaycan Milli Xalça Muzeyində “Dualı sultan köynəkləri” adlı sərgi açılıb. Tədbirdə millət vəkilləri, mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Qədim musiqi alətləri ansamblının (bədii rəhbər – Xalq artisti Munis Şərifov) ifasında bədii hissə təqdim olunub.

Milli Xalça Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Əminə Məlikova sərgi haqqında məlumat verib.

Qeyd olunub ki, sərgidə Osmanlı sultanlarının geyindikləri dualı köynəklər əsasında hazırlanan əsərlər təqdim edilir. Burada xəttat, elmlər doktoru Mehmet Vanlıoğlu, işıq üzrə rəssam Ayşe Vanlıoğlu və onların birgə çalışdığı komanda tərəfindən yaradılan, Osmanlı dövrünün tarixi koloritini əks etdirən 30-a qədər nümunə yer alır: “Düşünürəm ki, sərgi həm tədbirin qonaqları, həm də ziyarətçilər tərəfindən maraqla qarşılanacaq. Sərginin təşkilində əməyi keçənlərə öz təşəkkürümü bildirirəm”.

Bakı Yunus Əmrə İnstitutunun direktoru Selçuk Karakılıç bildirib ki, Osmanlı sultanları dualı köynəkləri müharibələrdə qələbə qazanmaq, bədnəzərdən qorunmaq, şəfa tapmaq və mənəvi güc almaq üçün geyinirdilər. Köynəklər süls, kufi, celi, ruqə xətləri ilə işlənmiş ayə və dualarla, həmçinin “Qədəm-i Şərif”, “Süleyman möhürü”, “Zülfüqar qılıncı” kimi xüsusi məna daşıyan motivlərlə bəzədilirdi. Onlar təkcə sultanlar, şahzadələr üçün deyil, həm də uşaqlar və digər şəxslər üçün nəzərdə tutulur, sahibinin İlahi tərəfindən qorunduğuna zəmanət kimi qəbul edilirdi.

Kolleksiya haqqında məlumat verən sərginin kuratoru Mehmet Vanlıoğlu deyib ki, köynəklərin üzərində Məhəmməd peyğəmbərə ithaf edilmiş qəsidələr və Qurani-Kərimdən ayələr yazılıb. Hazırda bu köynəklər mədəni irsin bir hissəsi olmaqla yanaşı, mühüm arxiv sənədləri, həmçinin yeni yaradılmış kolleksiyanın istinad mənbəyidir.

Sonra sərginin rəmzi lenti kəsilib, qonaqlar ekspozisiya ilə tanış olublar.

Qeyd edək ki, Ayşe Vanlıoğlu və Mehmet Vanlıoğlunun kuratoru olduğu sərgi dekabrın 20-dək ziyarət üçün açıqdır.

Nurəddin