Nizami Kino Mərkəzində Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Dövlət Film Fondunun təşkilatçılığı ilə Xalq yazıçısı, kinodramaturq Natiq Rəsulzadənin 75 illik yubileyi qeyd olunub.

Xalq yazıçısı tədbirdən öncə jurnalistlərə açıqlamasında oxucularla daim ünsiyyətdə olduğunu deyib: "Çalışıram oxucularımla tez-tez görüşüm. Fikrimcə, yazıçı öz oxucusunu tanımalıdır. Mənim təkcə Azərbaycanda deyil, həmçinin MDB məkanında və Avropada da oxucularım var. Onlarla ünsiyyət qurub, fikirlərini öyrənmək mənim üçün çox önəmlidir. Amma bu, o anlama gəlmir ki, yazıçı oxucunun dedikləri ilə tam razılaşmalıdır. Çünki yazıçının öz dəst-xəti, yolu var".

Onun sözlərinə görə, bəzən yazıçılar yorulur və əsərlərində zəif tərəfləri görmür. Oxucu kitabı ilk dəfə oxuyanda o məqamları görür. Buna görə də oxucularla vaxtaşırı ünsiyyət qurmaq bu məsələdə kömək olur.

Əvvəlcə Natiq Rəsulzadənin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

Yubiley gecəsində çıxış edən Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu və digərləri Natiq Rəsulzadənin əsərlərindəki xarakterlərin bitkinliyi ilə diqqəti cəlb etdiyini bildiriblər. Natiqlər yazıçının gənc yaşlarında inkişaf etdirdiyi üsluba sadiq olduğunu deyiblər. Qeyd olunub ki, yazarın əsərləri üzərində qurulan ssenarilər aktyor üçün asandır. Təsadüfi deyil ki, onun kitabları bu gün bir sıra Avropa dillərinə tərcümə olunur.

Qeyd edək ki, Natiq Rəsulzadə Azərbaycanda, Rusiyada, Avropa və bir çox başqa ölkələrdə nəşr olunan 50-dən çox kitabın müəllifi, ədəbiyyat sahəsində bir sıra yerli və xarici mükafatların laureatıdır.