Ankarada keçirilən 21-ci Kitab Sərgisi (29 noyabr – 8 dekabr) çərçivəsində “İRS-Miras” jurnalının BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransının Azərbaycanda keçirilmiş 29-cu sessiyasına (COP29) həsr edilmiş növbəti nömrəsinin təqdimatı olub.
Sərginin “Fəxri qonaq ölkə” elan edilmiş Azərbaycanın ekspozisiyasında jurnalın türk dilində buraxılışı təqdim olunub.
Xüsusi nömrədə jurnalın baş redaktoru Musa Mərcanlının Azərbaycanın iqlim böhranı ilə mübarizəyə töhfəsi mövzusunda məqaləsi verilib.
Nəşrdə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən yaşıl layihələrdən nümunələr təqdim olunub. Jurnal ölkəmizin enerji transformasiyası istiqamətində və ətraf mühitin mühafizəsi sahəsində atdığı addımlardan da bəhs edir.
Jurnalın yeni nömrəsində Türkiyə ilə Azərbaycan arasında uğurlu çoxşaxəli əməkdaşlıq haqqında da materiallar yer alıb. Burada qardaş ölkələrin müxtəlif sahələrdə həyata keçirdiyi birgə layihələr haqqında geniş məlumat verilir.
“İRS-Miras”ın oxucuları, həmçinin Azərbaycanda multikulturalizm və müxtəlif millətlərin və dinlərin nümayəndələrinin dinc yanaşı yaşaması ənənələri ilə tanış olurlar.
Jurnalın redaksiyası ölkəmizin mədəni irsinə xüsusi diqqət yetirib. Buraxılışda dahi Nizaminin irsi və dramaturq Cəfər Cabbarlının yaradıcılığından bəhs edən məqalələr yer alıb.