Türk dünyasının ortaq dəyərlərini və mədəni irsini məktəbli gənclər arasında tanıtmaq məqsədilə TÜRKSOY-a üzv ölkələrin məktəbliləri arasında rəsm müsabiqəsi keçirilib. Dekabrın 9-da Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində müsabiqə qaliblərini mükafatlandırma mərasimi olub.
Qonaqlar əvvəlcə gənc rəssamların sərgilənən rəsm əsərləri ilə tanış olublar.
Tədbirdə çıxış edən TÜRKSOY-un Baş katibi Sultan Raev Türk dünyasının gələcəyinin memarları olacaq gənclərə xüsusi diqqət yetirildiyini vurğulayıb. O, bu istiqamətdə həyata keçirilən layihələrin gənclərin milli dəyərlərə və incəsənətə marağını artırmağı hədəflədiyini bildirib.
Sultan Raev TÜRKSOY tərəfindən Türkmənistanın Anev şəhərinin 2024-cü il üçün “Türk dünyası mədəniyyət paytaxtı” elan edildiyini və böyük türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi münasibətilə xüsusi tədbirlərin keçirildiyini diqqətə çatdırıb. O, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Türkiyədən məktəblilərin qatıldığı müsabiqələrin gənclərin yaradıcılıq potensialını üzə çıxarmaq və milli dəyərləri gələcək nəsillərə çatdırmaq baxımından əhəmiyyətli hesab edildiyini qeyd edib.
TÜRKSOY-un Baş katibi diqqətə çatdırıb ki, görkəmli türkmən şairi Məhtimqulu Fəraqini əks etdirən kompozisiya və “Türk dünyası və Türkmənistan gənc rəssamların gözü ilə” mövzusunda keçirilən rəsm müsabiqəsi gənclərin mədəni irsə olan marağını artırmaqla yanaşı, Türk dünyasının vəhdətinə xidmət edən mühüm addımlardandır.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev TÜRKSOY-un artıq ikinci ildir ki, gənc rəssamlarla bağlı müsabiqələr keçirdiyini bildirib. O, builki tədbirin Şərqin böyük mütəfəkkiri və şairi Məhtimqulu Fəraqinin anadan olmasının 300 illiyinə həsr edildiyini diqqətə çatdırıb.
İbrahim Əliyev tədbirin gənc nəslin milli ruhda tərbiyəsinə, onların milli dəyərlərimizi daha dərindən mənimsəməsinə mühüm töhfə verdiyini vurğulayıb. O, belə tədbirlərin türk dövlətlərinin birliyini möhkəmləndirmək və milli irsimizi qorumaq baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Sonra şagirdlərin ifasında konsert proqramı təqdim edilib.
Daha sonra TÜRKSOY-a üzv ölkələrin məktəbliləri arasında keçirilən rəsm və inşa müsabiqələrinin qaliblərini mükafatlandırma mərasimi olub. Qaliblər xüsusi diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Tədbirin yekununda çıxış edənlər müsabiqənin yüksək səviyyədə təşkilini və gənclərin yaradıcılıq sahəsində göstərdikləri nailiyyətləri təqdir ediblər. Bildirilib ki, bu cür tədbirlər gənclərin milli-mədəni dəyərlərimizə bağlılığını artırmaqla yanaşı, Türk dünyasının birliyinə xidmət edən mühüm təşəbbüslərdən biridir.
Müsabiqə iştirakçıları və qaliblər Türk dünyasının ortaq dəyərlərinə həsr olunmuş belə tədbirlərdə iştirak etməyin onlar üçün böyük stimul və fəxr hissi yaratdığını qeyd ediblər.