Bu gün Azərbaycanın Xalq şairi, ictimai xadim, Dövlət mükafatları laureatı Nəbi Xəzrinin anadan olmasının 100-cü ildönümüdür. Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamdan irəli gələn tədbirləri həyata keçirmək məqsədilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Nəbi Xəzrinin həyat və yaradıcılıq yoluna həsr edilmiş “Xalq şairi Nəbi Xəzri -100” adlı elektron məlumat bazası və eyniadlı virtual kitab sərgisi hazırlanıb.

Kitabxananın rəsmi saytında yerləşdirilən elektron bazada şairin 90 və 100 illik yubileylərinin keçirilməsinə dair imzalanan rəsmi sənədlər, layiq görüldüyü orden və mükafatlar, filologiya elmləri doktoru Vasif Yusiflinin “Xoşbəxt taleli sənətkar”, ədəbiyyatşünas-tənqidçi Qurban Bayramovun “Həmişə müasir şair” kimi məqalələrinin tam mətni, bir sıra görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər yer alır. Məlumat bazası Xalq şairinin zəngin yaradıcılığını əhatə etməklə özündə bir sıra bölmələri cəmləyir. Elektron məlumat bazasında Nəbi Xəzrinin müəllifi, redaktoru olduğu, “Ön söz” yazdığı kitabların, məqalələrin, tərcümə və notların, şairin sözlərinə bəstələnən mahnıların siyahısı təqdim edilir. Müəllif haqqında qələmə alınan kitab və məqalələrin yer aldığı elektron bazada şairin xatirəsinin əbədiləşdirilməsinə dair məlumatlar, filmoqrafiyası, video və foto qalereyası da sərgilənir.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan elektron bazanın birinci səhifəsində “Xalq şairi Nəbi Xəzri - 100” adlı virtual kitab sərgisi yerləşdirilib. Virtual sərgidə altmış ildən artıq ədəbiyyatımıza xidmət etmiş şairin bədii, ictimai fəaliyyətinə nəzər salınır, dilimizin poetik imkanlarından ustalıqla bəhrələnən Nəbi Xəzrinin istedadlı şair olması ilə yanaşı, həmçinin dünya poeziyası nümunələrini böyük məharətlə Azərbaycan dilinə tərcümə edən bacarıqlı bir tərcüməçi olması da qeyd edilir. Nəbi Xəzrinin müəllifi olduğu bir sıra dram əsərlərinin Azərbaycan teatrlarında uğurla tamaşaya qoyulması və bunun müəllifinə bir dramaturq kimi böyük şöhrət qazandırması haqqında məlumat verilir. Virtual sərgidə şairin foto və video görüntüləri, şeirlərindən və müəllifi olduğu mahnılardan fraqmentlər təqdim edilir. Kitabxananın rəsmi saytında yerləşdirilən virtual sərgidə Nəbi Xəzrinin “Atillanın atlıları”, “Seçilmiş əsərləri”, “Qəm dəftəri”, “Xəzan yarpaqları”, “Nəsillər-əsrlər”, “Torpaq sənə and içirəm” kimi kitabların qısa annotasiyası, dövrü mətbuat nümunələri də təqdim edilir.

***

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Xalq şairi, nasir, dramaturq, publisist Nəbi Xəzrinin anadan olmasının 100 illiyi münasibətilə “Nəbi Xəzri - 100” adlı videoçarx hazırlanıb.

Kitabxanadan bildirilib ki, videoçarxda oxucu və izləyicilərə şairin həyat və yaradıcılığı haqqında qısa məlumat verilib. Qeyd olunub ki, dənizi və onun ətrini yayan xəzri küləyinə xüsusi sevgisi səbəbindən şair 1958-ci ildə “Xəzri” təxəllüsünü götürüb.

Müasir poeziyamızın görkəmli nümayəndəsi olan Nəbi Xəzri “Günəş” adlı ilk ciddi şeirini 16 yaşında qələmə alıb. Videoçarxda şairin məşhur şeir və poemalarının adları, eləcə də onun yaradıcılıq irsinin əhəmiyyəti vurğulanıb.

Eyni zamanda, videoçarxda şairin aldığı mükafatlar, şeirlərinə bəstələnmiş mahnılar və xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülmüş işlərə dair məlumatlar yer alır.

Videoçarx aşağıdakı keçiddə yerləşdirilib: https://www.youtube.com/watch?v=CvFtfkfG51k