Hüseyn Cavidin Ev-Muzeyində məktəblilər arasında “Hüseyn Cavid poeziyasından incilər” mövzusunda ənənəvi bədii qiraət müsabiqəsi keçirilib.
Müsabiqə görkəmli şair-dramaturq, mütəfəkkir Hüseyn Cavid (1882-1941) irsinin təbliği istiqamətində uşaqlarda düzgün nitq vərdişlərinin və bacarıqlarının formalaşdırılması məqsədilə təşkil olunub.
Müsabiqədə paytaxtın 47 və 221 nömrəli orta məktəblərinin 8 və 9-cu sinif şagirdləri iştirak ediblər. Şagirdlər Hüseyn Cavidin “Qadın”, “Vətən”, “Bir zamanlar”, “Sevinmə, gülmə, quzum” və s. şeirlərini bədii qiraət edib, “İblis” əsərindən İblislə Arifin dialoqu əsasında səhnəcik göstəriblər.
İlk üç yerin qaliblərinə diplom, digər iştiraklara isə təşəkkürnamə təqdim edilib, eyni zamanda Hüseyn Cavidin müxtəlif əsərləri, “Cavid hikməti: seçmə aforizmlər”, Mişkinaz Cavidin “Cavidi xatırlarkən” kitabları hədiyyə olunub. Sonra Hüseyn Cavidin Ev-Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı məktəblilərə Hüseyn Cavid yaradıcılığına göstərdikləri sevgiyə görə öz təşəkkürünü bildirib.
Sonra xatirə şəkilləri çəkdirilib.