Bakı Kitab Mərkəzində F.Köçərli adına Respublika Uşaq Kitabxanası və “Səssiz Ünsiyyət” Jest Dilinin İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə mərkəzin uşaq guşəsində “oxu saatı” keçirilib.

3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə keçirilən tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva qonaq qismində iştirak edib.

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbi və 12 nömrəli tam orta məktəbin şagirdləri və digər oxucuların qatıldığı tədbirdə Səbinə Əliyeva uşaqlara Aybəniz İsmayılovanın “Xarıbülbülün nağılı” və Zahirə Cabirin “Əvvəl zaman içində” kitablarından hekayələr oxuyub.

Kitablardakı mətnləri sağlamlıq imkanları məhdud uşaqlar üçün jest dilinə “Səssiz Ünsiyyət” Jest Dilinin İnkişafına Dəstək İB-nin jest dili sədri və təlimçisi Şamil Sabirzadə və Könül Quliyeva tərcümə edib.

Tədbirin keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə tam və səmərəli inteqrasiyasını, informasiya əldə etmək və özlərini inkişaf etdirmək imkanlarını, o cümlədən, həmin uşaqlara mədəni xidmət göstərməklə sosial reabilitasiyalarını təmin etməkdir.