Dekabrın 10-da Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Filologiya fakültəsinin təşkilatçılığı ilə görkəmli ədəbiyyatşünas, türkoloq-alim, mətnşünas, şair Bəkir Çobanzadənin (1893-1937) həyat və yaradıcılığına həsr olunan seminar keçirilib.

Universitetdən bildirilib ki, tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr, alim və ziyalılar iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən ADPU-nun Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova görkəmli alimin Azərbaycan filologiyası və türkologiyasının inkişafında əvəzsiz xidmətlərindən danışıb. O, Çobanzadənin elmi fəaliyyətinin və araşdırmalarının müasir elmi-tədqiqatlar üçün əhəmiyyətli mənbə olduğunu vurğulayıb.

Daha sonra Bəkir Çobanzadənin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.

Seminarda Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərovun məruzəsi dinlənilib. Məruzədə Bəkir Çobanzadənin zəngin yaradıcılığı, Türk dünyasının elmi və ədəbi irsinin araşdırılması baxımından həyata keçirdiyi işlər barədə geniş məlumat verilib, onun çoxcəhətli fəaliyyətinin Azərbaycan xalqının milli-mədəni yaddaşında xüsusi yer tutduğu qeyd edilib.

Çıxışlarda alimin elmi-mədəni və ictimai fikrin formalaşmasında müstəsna xidmətlərindən də bəhs olunub.

Sonra seminar fakültənin nəzdində fəaliyyət göstərən "Meh" ədəbi dərnəyi üzvlərinin çıxışları ilə davam edib.