Dekabrın 10-da Azərbaycan Milli İncəsənət Muzeyində “Milli xəzinə. Azərbaycan təsviri incəsənəti” adlı kitabın və www.az-art.gallery portalının təqdimatı keçirilib.
Kitab və portal indiyədək ölkəmizdə mədəniyyətlə bağlı bir sıra layihələrin reallaşmasında iştirak etmiş Böyük Britaniyanın “bp” şirkətinin dəstəyi ilə, Təşəbbüslər və Layihələr Mərkəzinin (TLM) layihəsi əsasında hazırlanıb.
Təqdimat mərasimində “bp-Azərbaycan”ın kommunikasiya üzrə rəhbəri Tamam Bayatlı, şirkətin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, TLM-in rəhbəri, layihənin meneceri Ceyhun Osmanlı, Milli Məclisin deputatı Fazil Mustafa, kitabın ideya müəllifi və art-direktoru Qalib Qasımov çıxış ediblər.
Bəxtiyar Aslanbəyli təmsil etdiyi şirkətin fəaliyyətində sosial və mədəni layihələrə göstərdiyi dəstək barədə danışaraq, Azərbaycan, ingilis və rus dillərində nəşr olunmuş kitabın və portalın incəsənətimizin tanıdılmasında əhəmiyyətini qeyd edib.
Ceyhun Osmanlı kitabda 206 müəllifin 463 əsərinin yer aldığını, kitabın materialları əsasında hazırlanmış www.az-art.gallery saytının əhəmiyyətini diqqətə çatdıraraq layihənin icrasına göstərilən təşkilati dəstəyə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.
Millət vəkili Fazil Mustafa milli incəsənətimizin təbliğinin, korifey sənətkarlarla yanaşı, çox dəyərli əsərlər yaratmış, amma az tanınan rəssamların da yaradıcılığının geniş ictimaiyyətə təqdim olunmasının vacibliyini qeyd edib.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov deyib ki, kitabda və portalda əhatə olunan əsərlərin hər biri sənət incisidir və onlar 12 mindən artıq rəngkarlıq, qrafika, heykəltaraşlıq, tətbiqi sənət, teatr-dekorasiya əsərləri arasından seçilib. Görkəmli rəssamlar Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Elbəy Rzaquliyev, Tahir Salahov, Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı, Tokay Məmmədov, Fərhad Xəlilov, Ömər Eldarov, Natiq Əliyev, Səlhab Məmmədov, Fuad Salayev, Sakit Məmmədov və başqa məşhur rəssamlarla yanaşı, yaradıcılığı geniş ictimaiyyətə bir o qədər də tanış olmayan, amma böyük istedada malik rəssamların əsərlərinin yalnız bir qismi burada öz əksini tapıb.
Kitabın mətnlərinin müəllifi və tərtibatçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Dilarə Vahabova hazırlıq mərhələsi, əsərlərin seçilməsi prinsipləri barədə danışıb. Bildirib ki, kitabın həcm imkanları nəzərə alınmaqla diqqət müəllifin kimliyinə və ya təltiflərinə deyil, əsərlərin bədii əhəmiyyətlilik dərəcəsinə və ümumi dizayn konsepsiyasına uyğunluğuna yönəldilib.
Mərasimin bədii hissəsində Əməkdar artistlər İlahə Əfəndiyeva (vokal) və Nərgiz Əliyevanın (piano) ifasında Cakomo Puççini və Tofiq Quliyevin əsərləri səsləndirilib.
Qeyd edək ki, sənət toplusu incəsənət mərkəzlərinə, muzeylərə, qalereyalara və kitabxanalara, eləcə də sənətsevərlərə “bp” şirkətinin hədiyyəsidir. Üç dildə tərtib olunmuş veb-sayt (www.az-art.gallery) da istifadəyə açıqdır. Layihənin ümumi dəyəri 85 300 manat (50 200 dollar) təşkil edib.