Dekabrın 7-də Qazax Dövlət Dram Teatrına “Səmirsiz”lik çöküb. Səbəb həmin gün bu teatrın səhnəsində teatrsevərləri nümayiş sonrası bir saatdan çox saxlayan, qızğın müzakirəyə səbəb olan, Samuel Bekketin “Sözsüz əməl” pyesinin motivləri əsasında səhnələşdirilmiş “Səmirsiz” tamaşası olub.

Səhnə əsərinin müəllifi gənc rejissor Abdulla Elşadlı, quruluşçu rəssamı Sahib Əhmədov, bəstəkarı Azər Hacıəsgərli, butafor-rəssamı Səyad Məmmədovdur. Onu da qeyd edək ki, S.Əhmədov Şəki Dövlət Dram Teatrının baş rəssamıdır və bu işbirliyi iki teatr arasında ilk təcrübədir. Monotamaşanın ifaçısı isə Qazax Dövlət Dram Teatrının aktyoru Rüfət Ömərdir.

Tamaşa haqqında fikirlərini bölüşən quruluş müəllifi Abdulla Elşadlı deyib: “Tamaşanın süjeti abstrakt və absurddur. Səmirsiz cəmiyyətdə nizam yoxdur. Orada xaos hökm sürür. Lap “Sizif haqqında mif” kimi... Əzab bitmir. Əzab daim davam edir və bu, sonsuza qədər belə olacaq. Niyə? Vaxtında bu kişi susdu. Susdu və elə anda dindi ki, artıq onun danışmağının nəinki cəmiyyətə, heç özünə də xeyri olmadı...”.