Şirvan-Salyan RMİ-nin təşkilatçılığı ilə Xalq rəssamı Əşrəf Heybətovla görüş keçirilib.

Salyan rayon Heydər Əliyev Mərkəzində təşkil olunan görüşdə Şirvan-Salyan RMİ-nin rəisi Şahin Şahbazov, Salyan Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Rəşad Cəbrayılov, YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov və digər qonaqlar iştirak ediblər.

Çıxışlarda Əşrəf Heybətovun həyat və yaradıcılıq yoluna nəzər salınıb. Qeyd olunub ki, Almaniyada yaşayan rəssam UNESCO Beynəlxalq Rəssamlar Federasiyasının üzvüdür. Əsərlərinin əsas mövzusu doğma Azərbaycanla bağlıdır. Rəssamın indiyədək bir sıra ölkələrdə fərdi sərgiləri təşkil edilib.

Sonra fırça ustasının əsərlərindən ibarət sərgiyə baxış olub və o, tamaşaçıları maraqlandıran sualları cavablandırıb.

Sonra Salyan rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Əməkdar artist Həsənağa Sadıqov adına “Mahirlər” ailə xalq ansamblının təqdimatında musiqi nömrələri səsləndirilib.

Həmin gün Əşrəf Heybətovun Salyan Dövlət Rəsm Qalereyasında ustad dərsi təşkil edilib. Sənət adamı ilk olaraq qalereyanın ekspozisiya zalında sərgilənən tabloları izləyib. Əşrəf Heybətov ustad dərsində gənc və yeniyetmə rəssamların suallarını cavablandırıb, müxtəlif mövzulu eskizlər işləyib.