Milli Kitabxananın dövri mətbuat arxivindən (30)

 

Mətbuat xronikasında bu dəfə 35 il öncəyə nəzər saldıq. Seçmələri “Mədəniyyət” qəzetinin bir növ sələfi sayılan “Ədəbiyyat və incəsənət” qəzetindən etdik. Mövzular isə müxtəlifdir. Qəzetdəki orfoqrafiyaya da toxunmamışıq...

 

“Əİ”-nin gündəliyi (adsız xəbərlər)

 

Azərbaycan bədii tərcümə və qarşılıqlı əlaqələr mərkəzinin təşkil etdiyi görüşü – tərcüməçilərin “Xəzər – 89” görüşü 5 gün davam etdikdən sonra başa çatmışdır. Ölkənin (Sovet İttifaqı – red.) bir sıra şəhərlərindən gənclərin Xəzər sahilində yerləşən “Gənclik” beynəlxalq turist mərkəzinə azərbaycanlı həmkarlarına qonaq gəlmiş ədəbiyyatçılar bir-biri ilə tanış olmuş, dəyirmi stol arxasında diskussiyalarda və sadəcə olaraq səmimi söhbətlərdə ədəbi tərcümə və milli mədəniyyətlər kimi aktual problem barədə bir-birinin mövqelərini araşdırmış, dostlaşmışlar. Millətlərarası münasibətlərdə ədəbi əlaqələrin və tərcümələrin rolunu yüksəltmək məsələləri görüş iştirakçılarının diqqət mərkəzində durmuşdur.

***

Azərbaycan Dövlət Universitetinin professoru, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Abbas Zamanova Səlcuq universitetinin (Türkiyə) fəxri doktoru adı verilmişdir. O, türkologiya sahəsində səmərəli ardıcıl elmi fəaliyyətinə görə, mütəxəssis kadrların hazırlığına görə bu ada layiq görülmüşdür. Səlcuq universitetinin rektoru professor Xəlil Cin əlamətdar hadisə münasibətilə Azərbaycan alimini təbrik etmiş, türkologiyanın müxtəlif problemlərinin tədqiqi sahəsində onun böyük əhəmiyyətini qeyd etmişdir. Müəllimlərin və tələbələrin xahişi ilə professor Zamanov onları yenidənqurma mərhələsində Sovet Azərbaycanının elmi və mədəni həyatı ilə tanış etmiş, respublikada türkologiya elminin vəziyyətindən və inkişafından danışmışdır.

***

Respublikamızın müxtəlif guşələrində yerləşən teatrların ən yaxşı tamaşalarını teatr ictimaiyyətinə göstərmək, onları təbliğ etmək Azərbaycan Teatr Xadimləri İttifaqının və A.M.Şərifzadə adına Aktyor evinin əsas vəzifələrindəndir. N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında hazırlanmış Seyran Səxavətin “Büst” pyesinin tamaşasının bu yaxınlarda Aktyor evində göstərilməsi də həmin məqsədi daşıyırdı. Bakı ziyalılarının maraqla qarşıladığı bu tədbir “Azərbaycan” assosiasiyası ilə birlikdə keçirilmişdir. Əsas rollarda Lənkəran teatrının aktyorlarından Əli Salayev, Rafiq Mirzəyev, Südabə Cəfərova və başqaları iştirak etmişlər.

Tamaşanın quruluşçu rejissoru respublikanın əməkdar incəsənət xadimi Baba Rzayev, rəssamı Maya Babayevadır. Musiqisini əməkdar incəsənət xadimi Adil Bəbirov bəstələyib.

 

Özbəkistan səhnəsində

 

Dramaturq Əli Səmədovun səhnə əsərlərinə respublikamızdan kənarda da maraq göstərilir. Onun uşaq pyesləri Belorusiya və Ukraynanın teatrlarında tamaşaya qoyulub. Bu il isə Əli Səmədovun iki dram əsəri Özbəkistan teatrlarında oynanılıb. “Əhmədin vəfalı xoruzu” nağıl-pyesi Namanqan şəhərindəki Ə.Nəvai adına dövlət teatrında tamaşaya qoyulub (quruluşunu teatrın baş rejissoru M.Məmmədkulöv vermişdir).

Bu günlərdə isə Əli Səmədovun böyüklər üçün yazmış olduğu “Ölüm hökmü” tragi-komediyası Gülüstan şəhərindəki dövlət teatrında göstərilmişdir. Gülüstan Dövlət teatrının Azərbaycan dramaturqlarının əsərlərinə müraciəti ənənə halını alıb. Ü.Hacıbəyovun “Arşın mal alan”, S.Rəhmanın “Hicran” musiqili komediyalarından sonra Ə.Səmədovun “Ölüm hökmü” pyesi məhz ilk dəfə bu teatrın səhnəsində həyata vəsiqə almışdır.

Pyes durğunluq dövrünün ictimai-sosial bəlalarına, əxlaq və əqidə deformasiyasına həsr edilib. Əsəri özbək dilinə həmyerlimiz, jurnalist Yaşar Qasımov tərcümə edib. Tamaşanın quruluşunu Özbəkistan SSR xalq artisti Mirzəkərim Babayev verib. Quruluşçu-rəssam Aleksandr Batikovdur.

“Ədəbiyyat və incəsənət” qəzeti, 15 dekabr 1989-cu il