Azərbaycanın Vyetnamdakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Hanoy şəhərində keçirilən beynəlxalq qida festivalında iştirak edib.

40-dan çox dövlətin diplomatik missiyasının təmsil olunduğu festivaldakı pavilyonumuzda milli suvenirlər, Vyetnam dilində çap olunmuş kitablar, Ulu öndər Heydər Əliyevin 1983-cü ildə Vyetnama və bu ölkənin lideri Ho Şi Minin 1959-cu ildə Bakıya tarixi səfərlərini əks etdirən fotolar nümayiş etdirilib. İştirakçılara və qonaqlara Azərbaycan mətbəxinin nümunələri (Qarabağ kətəsi, dolma, kabablar, dovğa, şəkərbura və s.) təqdim olunub. Tanınmış aşpaz David İsrafilovun hazırladığı yeməklər böyük maraq doğurub.

Vyetnam Kommunist Partiyası baş katibinin xanımı No Fın Li açılış mərasimindən sonra Azərbaycan pavilyonuna da baş çəkib, milli mətbəximizlə maraqlanıb.

Qeyd edək ki, festivalda ən çox ziyarət edilən pavilyonlardan biri Azərbaycana aid olub. Səfirliyimizin tərəfdaşı olan Hanoy Ticarət və Turizm Kollecinin tələbələri də pavilyonun təşkilinə kömək göstəriblər.

***

Azərbaycanın Polşadakı səfirliyi isə Polşa Azərbaycanlıları Şurası ilə birgə ölkənin birinci xanımı Aqata Kornhauzer-Dudanın himayəsi altında təşkil olunmuş 17-ci xeyriyyə bazarında (Charity Bazaar) iştirak edib.

Tədbirdə ziyarətçilərə təqdim olunan milli mətbəx nümunələri – plov, UNESCO-nun siyahısına daxil edilmiş dolma, milli şirniyyatlardan şəkərbura, paxlava, badambura və digər təamlar böyük marağa səbəb olub. Azərbaycan stendində ölkəmizdə istehsal olunan müxtəlif növ içki, şirə, mürəbbə, müxtəlif konservlər, çay növləri bazar ziyarətçiləri tərəfindən həvəslə alınıb.

Polşanın birinci xanımı Aqata Kornhauzer-Duda stendimizlə tanış olub.

Tədbirdə çıxış edən səfir Nərgiz Qurbanova ölkəmizin zəngin mədəniyyəti barədə məlumat verib, Azərbaycan mətbəxinin dünyanın ən zəngin və ləziz mətbəxlərindən biri olduğunu vurğulayıb. Diplomat milli folklorumuzun bir hissəsi olan rəqslər haqqında da danışıb.

Xeyriyyə bazarının bədii hissəsində Polşadakı Azərbaycan diasporunun nümayəndələri və polyak gənclər “Uzundərə” rəqsi və “Azərbaycan” mahnısını ifa ediblər.