Azərbaycan Rəssamlıq Akademiyasında Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş elmi konfrans keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib, Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözü ilə açan akademiyanın rektoru, Xalq rəssamı, professor Natiq Əliyev bu təhsil ocağının Ümummilli lideri müvafiq sərəncamı ilə yaradıldığını deyib. Qeyd olunub ki, Ulu öndərin ölkəmizə rəhbərliyi dövründə yaradıcı gənclərimizə də diqqət və qayğı göstərib, rəssamlara yaradıcılıqlarını daha da inkişaf etdirmək üçün emalatxanalar hədiyyə olunub. Heydər Əliyevin digər sahələr kimi, təhsil və mədəniyyət sahələrinə göstərdiyi xüsusi diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Akademiyanın elm və yaradıcılıq işləri üzrə prorektoru Xalq rəssamı Fuad Salayev Heydər Əliyevlə bağlı xatirələrini paylaşaraq onun incəsənət adamlarına göstərdiyi qayğıdan danışıb. F.Salayev müəllifi olduğu Sergey Yeseninin tunc barelyefinin açılmasının məhz Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirildiyini vurğulayıb.
Beynəlxalq əlaqələr üzrə prorektor Xalq rəssamı, professor Səlhab Məmmədov Heydər Əliyevin azərbaycanlı rəssamların beynəlxalq səviyyədə tanınması üçün göstərdiyi qayğıdan bəhs edib.
İncəsənət tarixi kafedrasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev deyib ki, əgər Heydər Əliyev olmasaydı, biz Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadəni bu səviyyədə tanımazdıq. Sənətşünas həmçinin Mehdi Hüseynzadənin abidəsinin ucaldılması və haqqında filmin çəkilməsinin də bilavasitə Heydər Əliyevin təşəbbüsü və qayğısı ilə həyata keçirildiyini vurğulayıb.
Bədii keramika, şüşə və metal kafedrasının müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru Aynur Albəndova, Humanitar və ictimai fənlər kafedrasının müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rima Qafarzadə, həmin kafedranın müəllimi, tarix üzrə fəlsəfə doktoru Bəhmən Kərimov çıxış edərək Heydər Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü böyük işlərdən danışıblar.
Çıxışlardan sonra Ulu öndər Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib.