AMEA Folklor İnstitutunun “Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” elmi-ədəbi toplusunun 61-ci nömrəsi çapdan çıxıb.
İnstitutdan bildirilib ki, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoyun redaktorluğu ilə ildə iki dəfə nəşr edilən jurnalın bu nömrəsində maraqlı elmi araşdırmalarla tanış olmaq mümkündür.
Jurnalda “SMOMPK toplusunda Qarabağ folkloru”, “Təvəlla və Təbərra kontekstində Azərbaycan və Anadolu aşıq poeziyasında düvaz-imam (on iki imam) şeir növü”, “Folklor mətnlərində riyazi eskizlər”, “Koroğlu” eposunda qadın surətləri, yardımçı obrazlar və antiqəhrəman qütbü: əsas və yardımçı obrazlar”, “Xoyratın ifa ilə əlaqəsi və variantlaşması” başlıqlı məqalələr təqdim olunur. Oxucular “Azərbaycanda Novruz bayramının ənənələr sistemi”, “Qarabağ mifoloji mətnlərində yaradılış konsepsiyası: torpaq və etnosun vəhdəti”, “İsgəndərin səbri” nağılında İsgəndər obrazının səciyyəvi xüsusiyyətləri” adlı məqalələrlə də tanış ola bilərlər. Yeni nömrədə, həmçinin “Güney Azərbaycan folkloru və yazılı ədəbiyyat örnəklərində təbiət-insan münasibətlərinin tarixi kökləri”, “Azərbaycan folklorunda arxaik ritual elementləri”, “Qırğız folkloru: əsrlərdən gələn səs”, “Çağdaş Azərbaycan zurna-balaban məktəbinin ustadı Kalvalı Əli Dədə – 150” başlıqlı məqalələr də yer alıb.
“Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” elmi-ədəbi toplusunda məqalələr DOI indeksi ilə dərc edilir.