Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) “Sənətkarın dostu” layihəsi bu dəfə Ağdaş şəhərində reallaşıb.
Mərkəzdən bildirilib ki, növbəti görüş MEMİM-in təşkilatçılığı, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Ağdaş şəhər Habil Əliyev adına 1 nömrəli Uşaq Musiqi Məktəbində Əməkdar artist, Azərbaycan Milli Konservatoriyasının dosenti, kamança ifaçısı Elnur Əhmədovla keçirilib.
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirov və MEMİM-in direktoru vəzifəsini icra edən Vüqar Hümbətov regionlarda bu kimi tədbirlərə böyük ehtiyac olduğunu, həmçinin bu görüşün Bakıdan kənarda ilk dəfə təşkil edildiyini diqqətə çatdırıblar.
Riad Cəbrayılovun moderatorluğu ilə keçirilən tədbirdə Elnur Əhmədov kamança aləti, ifaçılıq ənənələri, alətin tədrisi, təbliği və digər mövzularda çıxış edib. Ustad dərsi formatında keçirilən tədbirdə sənətkarın özü ilə yanaşı, tələbələrinin də ifasında musiqi nümunələri təqdim olunub.
Xatırladaq ki, “Sənətkarın dostu” layihəsi mədəniyyətin təşviqi, uşaq və gənclərin yaradıcılığının stimullaşdırılması, görkəmli incəsənət xadimləri ilə gənc istedadların zəngin təcrübə mübadiləsinin təşkili məqsədilə həyata keçirilir. Layihə çərçivəsində mədəniyyətin müxtəlif sahələri üzrə paytaxt və regionlarda maarifləndirici, musiqili və interaktiv görüşlərin davamlı təşkili nəzərdə tutulub.