Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının 21-ci ildönümü münasibətilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabe müəssisələrində müxtəlif səpkili tədbirlər keçirilib.

Qaradağ rayon Heydər Əliyev Mərkəzində “Əbədi lider” adlı dəyirmi masa təşkil olunub.

Tədbirdə rəsmilər, elm xadimləri, N saylı hərbi hissənin əsgər və zabit heyəti, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Öncə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.

Tədbirdə Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra videoçarx nümayiş etdirilib.

Çıxışçılarda bildirilib ki, Ümummilli lider hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyət və böyük dövlət xadimidir. Onun milli və dövlətçilik maraqlarına xidmət edən zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Bu gün müstəqil Azərbaycan Ulu öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edir, regionda və dünyada söz sahibinə çevrilir.

Bədii hissədə 288 nömrəli tam orta məktəbin şagirdi Zəhra Hüseynzadə Qabil Ədalətin “Ulu öndər” şeirini səsləndirib.

***

Yasamal rayon Heydər Əliyev Mərkəzində “Zamanı qabaqlayan dahi” və “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti” mövzularında açıq dərslər keçirilib.

Dərslərdə Yasamal rayon 53 və 158 nömrəli tam orta məktəblərin şagird və müəllim kollektivi iştirak edib.

Məktəblilər öncə mərkəzin muzey bölməsində Ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Şagirdlərə dahi şəxsiyyətin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən eksponatlar haqqında məlumat verilib.

Açıq dərsdə məruzələr dinlənilib, şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb. Videoçarx nümayiş olunub, məktəblilər şeirlər səsləndiriblər.

***

Binəqədi Mərkəzi Mədəniyyət evində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş dəyirmi masa təşkil olunub.

Çıxış edənlər Ulu öndərin Azərbaycan xalqının tarixində silinməz iz qoyan bir şəxsiyyət olduğunu vurğulayıblar. Qeyd olunub ki, müasir qüdrətli Azərbaycan Heydər Əliyev şah əsəridir.

Sonda Mədəniyyət evində fəaliyyət göstərən poeziya dərnəyi üzvlərinin ifasında Ulu öndərə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim edilib.

***

Xocəsən qəsəbə klubu və 103 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Xalqın xilaskarı” adlı tədbir keçirilib.

Bildirilib ki, Ulu öndər Heydər Əliyev 1990-cı ilin əvvəllərində Azərbaycanın müstəqil dövlət kimi tarix səhnəsindən silinməsinin qarşısını alıb, bugünkü inkişafımızın möhkəm təməllərini qoyub.

Tədbirin bədii hissəsində məktəblilərin ifasında kompozisiya təqdim edilib, videoçarx nümayiş olunub.

***

Yasamal rayon Heydər Əliyev Mərkəzi, Bakı Şəhər Gənclər və İdman İdarəsi Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə “Dahi liderin əbədi yolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə rəsmilər, mədəniyyət işçiləri, elm xadimləri iştirak ediblər.

Çıxışçılar Ümummilli liderin xalqımız qarşısındakı tarixi xidmətlərindən bəhs edib, onun şərəfli ömür yolunun gələcək nəsillər üçün əsl örnək olduğunu vurğulayıblar.

Sonra “Heydər Əliyev – tarixi şəxsiyyət, əbədiyaşar lider” mövzusunda mühazirə dinlənilib, videoçarx təqdim olunub.

Bədii hissədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri çıxış ediblər.

***

Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 nömrəli filialı “Millətin şah vüqarı” adlı tədbir keçirib. Çıxış edənlər Ümummilli liderin keçdiyi şərəfli ömür yolundan və Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə verdiyi misilsiz töhfələrdən danışıblar.

Sonda tədbir iştirakçıları Xətai rayon parkında yerləşən Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər çiçəklər düzüblər.