Dekabrın 12-də Ulu öndər Heydər Əliyevin vəfatının 21-ci ildönümü tamam oldu. Bu münasibətlə regional mədəniyyət idarələrinin tabe müəssisələrində anım tədbirləri təşkil edilib.

Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı ilə Quba rayon MKS-nin Mərkəzi Kitabxanasının uşaq şöbəsi tərəfindən “Tarix yazan əbədiyaşar lider” adlı rəsm və kitab sərgisi keçirilib. Sərgidə Ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edən kitablar və uşaqların əl işlərindən ibarət rəsmlər nümayiş olunub.

***

Şirvan-Salyan RMİ-nin tabeliyindəki Şirvan şəhər Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Biləsuvar rayon Heydər Əliyev Mərkəzi, Hacıqabul rayon Heydər Əliyev Mərkəzi, Salyan rayon Mərkəzi Kitabxanası və Tarix-Diyarşünaslıq Muzeyində Ümummilli liderin anım günü ilə əlaqədar müxtəlif tədbirlər keçirilib, film nümayiş olunub. Çıxışlarda Ulu öndərin siyasi fəaliyyəti və dövlətçilik irsindən söz açılıb. Sonda sənədli film nümayiş olunub.

***

Qazax rayon Heydər Əliyev Mərkəzində 1-12 dekabr tarixlərində “açıq qapı” günləri və silsilə tədbirlər təşkil olunub.

“Açıq qapı” günlərində rayonun idarə, müəssisə və təşkilatlarının, Bakı Dövlət Universiteti Qazax filialının və Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri, rayonun orta ümumtəhsil məktəblərinin şagirdləri mərkəzi ziyarət ediblər. Ziyarətçilərə Ulu öndərin həyat və siyasi fəaliyyəti ilə bağlı məlumat verilib. Qonaqlar “Dahilər ölməz, əbədi yaşar!” başlıqlı kitab sərgisi ilə tanış olub, film izləyiblər.

***

Masallı Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Vətənimdir Azərbaycan” adlı rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Qeyd olunub ki, 11-18 yaş arası uşaqların iştirak etdiyi müsabiqəsinin əsas məqsədi onların mənəvi-estetik zövqünün formalaşması, dünyagörüşlərinin artırılması və istedadlı uşaqların üzə çıxarılmasıdır.

Daha sonra müsabiqədə I, II, III, IV yerləri qazanan uşaqlar diplom, fərqlənənlər isə təşəkkürnamə ilə mükafatlandırılıb.

***

Astara Tarix-Diyarşünaslıq Muzeyində “Dünya azərbaycanlıların milli lideri” mövzusunda tədbir keçirilib. Çıxışlarda Ulu öndərin həyatı və siyasi fəaliyyətindən ətraflı söz açılıb. Qeyd olunub ki, dünya tarixi sübut edib ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rol oynayır.

***

Cəlilabad rayon Heydər Əliyev Mərkəzində rayon Mədəniyyət Mərkəzi və Dövlət Rəsm Qalereyası ilə birgə “Müstəqil Azərbaycan dövlətinə xidmətdə keçən ömür –Heydər Əliyev ömrü” adlı tədbir təşkil olunub.

Əvvəlcə qonaqlar mərkəzin foyesində Cəlilabad Dövlət Rəsm Qalereyasının əməkdaşı Ramilə Quliyevanın çəkdiyi portretlərə və Ulu öndərin 100 illiyi münasibətilə ötən il hazırlanmış “Ümummilli lider Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı sərgiyə baxıblar.

Qeyd edilib ki, Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu var. Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görüb. Ümummilli lider öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlib.

Sonda “İz” sənədli filmi nümayiş olunub.

Hazırladı: N.Məmmədli