Azərbaycan Rəssamlar İttifaqının V. Səmədova adına sərgi salonunda Xalq rəssamı Səttar Bəhlulzadənin 115 illik yubileyinə həsr olunmuş “Tablolarda nağıllar” gənc rəssamların yaradıcılıq sərgi-müsabiqəsinin yekun tədbiri keçirilib.

“Mən şadam ki, sərgidə əsərləri nümayiş olunan gənc rəssamlar öz yaradıcılıqlarında məhz Səttar Bəhlulzadə irsini örnək seçiblər”, - deyə tədbirin açılışında Azərbaycanın mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov vurğulayıb.

Sərgi-müsabiqə Azərbaycan Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə baş tutub.

Cahangir Səlimxanov Səttar Bəhlulzadə irsinin müasir gənclər və təsviri sənətin inkişafı üçün əhəmiyyətindən bəhs edib: “Səttar Bəhlulzadə həmişə gəncləri öyrədib. O, öz təcrübəsini gənclərlə səxavətlə bölüşürdü. Mən onun sənət əsərlərində olan enerji və əhvali-ruhiyyəni sizin də işlərinizdə görməyi çox istərdim”.

Daha sonra Azərbaycan Rəssamlar İttifaqının katibi Xalq rəssamı Ağaəli İbrahimov və sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev çıxış edərək Səttar Bəhlulzadənin milli təsviri sənət tarixində  rolundan danışıblar.

Azərbaycan Dövlət Rəsm Qalereyasının direktor müavini Gülşən Qəribli və MEMİM-in direktoru vəzifəsini icra edən Vüqar Hümbətov müsabiqənin əhəmiyyətindən bəhs ediblər.

“Sevindirici haldır ki, gənc rəssamlar öz yaradıcılıqlarını, ideyalarını və bacarıqlarını nümayiş etdirmək üçün müsabiqədə iştirak ediblər. Bu sərgi onlar üçün əsl yaradıcı ab-hava yaratdı. Azərbaycan Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi, eləcə də Azərbaycan Dövlət Rəsm Qalereyası gənc rəssamlara daim dəstək olur”.

 “Tablolarda nağıllar” sərgi-müsabiqəsində “Kitabi-Dədə Qorqud”, “Koroğlu” dastanları, “Məlik Məmməd”, “Göyçək Fatma”, “Tıq-Tıq” Xanım”, “Cırtdan” və digər xalq nağılları əsasında yaradılmış, eləcə də müxtəlif mifoloji obrazları əks etdirən 40-dan çox əsərlə 30-dan çox gənc rəssam iştirak edib. Bundan əlavə, gənc rəssamlar klassik ədəbiyyatdan mövzulara müraciət ediblər.

Müxtəlif üslublarda yazılan əsərlərdə xeyirlə şərin mübarizəsi, fəzilət və nəcib əməllərin əbədi mövzusuna toxunulub. Rəssamlar nağılların sehrini kətan üzərinə köçürməyə nail olublar.

Qaliblərin əsərlərini Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilovun rəhbərlik etdiyi münsiflər heyəti qiymətləndirib. Münsiflər heyətinə Xalq rəssamı Ağaəli İbrahimov, Əməkdar rəssam Ziyadxan Əliyev və sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova daxil olub.

Nərmin Abdullayeva birinci, Röya Həsənova ikinci, Elçin Hüseyn isə üçüncü yeri tutub. Qaliblərə pul mükafatları və diplomlar təqdim olunub. Əsərləri xüsusi qiymətləndirilən iştirakçılar fəxri fərmanlarla, qalan iştirakçılar isə sertifikatlarla təltif olunublar.

Sərgi-müsabiqənin kuratoru Azərbaycan Rəssamlar İttifaqının üzvü sənətşünas Dürdanə Qurbanova olub.

Qeyd edək ki, sərgi dekabrın 15-dək davam edəcək.