Fövqəladə Hallar Nazirliyi və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş “Fövqəladə hallar uşaqların gözü ilə” XII Respublika uşaq yaradıcılıq müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi olub.
Tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, gənclər və idman naziri Fərid Qayıbov, elm və təhsil nazirinin müavini Həsən Həsənli, Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsirov, Azərbaycan Gənclər Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov və başqa şəxslər iştirak ediblər.
Müsabiqənin məqsədi ictimaiyyətin diqqətinin fövqəladə hallarla bağlı problemlərə yönəldilməsi, məktəblilərə təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin aşılanması, onların vətənpərvərlik ruhunda yetişdirilməsi, eləcə də istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsidir.
Sonra iştirakçılar müsabiqənin seçilmiş işlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbirdə çıxış edən Kəmaləddin Heydərov Ulu öndər Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır” kəlamını xatırladıb. O, Ulu öndərin uşaqlara hər zaman xüsusi diqqət və qayğı ilə yanaşdığını bildirib.
Nazir vurğulayıb ki, Ulu öndərin əsasını qoyduğu mütərəqqi dövlət uşaq siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə uşaqların təhlükəsiz və layiqli mühitdə böyüməsi, onların sağlamlığının təmin edilməsi, müasir biliklərə yiyələnməsi, Vətənə və dövlətə sədaqətli, yüksək mənəvi keyfiyyətlərə malik vətəndaş kimi yetişmələri üçün zəruri tədbirlər həyata keçirilir.
Nazir həmçinin Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaqlara olan həssas münasibəti, onlara göstərdiyi yüksək qayğıkeşliyi, uşaqların hərtərəfli inkişafı, təlim-tərbiyəsi ilə əlaqədar gördüyü böyük işlərin xalqımız tərəfindən minnətdarlıqla qarşılandığını vurğulayıb.
Sonra qaliblərə fəxri fərman və hədiyyələr təqdim olunub.
Tədbir məktəblilərin təqdimatında milli vətənpərvərlik ruhunda bədii hissə ilə davam etdirilib.
Qeyd edək ki, müsabiqə rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli və yumşaq oyuncaq nominasiyalarında məktəb, rayon və ümumrespublika birinciliyi mərhələləri üzrə keçirilib. Təşkilat komitəsinə rayon və şəhər müsabiqələrinin yekunları üzrə 439 rəsm, 49 plakat, 393 əl işi, 98 yanğın və qəza-xilasetmə texnikasının modeli və 78 yumşaq oyuncaq təqdim olunub. İşlər FHN, ETN, Rəssamlar İttifaqı və Rəssamlıq Akademiyasının nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib. 25 nəfər birinci, 25 nəfər ikinci, 58 nəfər üçüncü yerə, 80 nəfər isə həvəsləndirici mükafata layiq görülüb.