Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının, Bakıdakı Rus Evinin və Yasamal rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və pedaqoq Mirzə Şəfi Vazehin anadan olmasının 230 illiyi ilə əlaqədar tədbir keçirilib.
Kitabxanadan bildirilib ki, tədbirdə tarix üzrə fəlsəfə doktoru, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova M.Ş.Vazehin yaradıcılığının əsas məqamlarına toxunub. Bildirib ki, şairin əsərlərinin əsas mövzusu romantik sevginin tərənnümü və həyatdan zövq almaq idi.
O, çıxışında rəhbəri olduğu kitabxanaya Mirzə Şəfi Vazehin adının verilməsinin qısa tarixçəsindən danışıb və qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə kitabxanaya 45 il öncə böyük şairinin adı verilib.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvləri, şairlər Lalə Həsənova, Səidə Sübh, yazıçı-publisist Reyhan Mirzəzadə, tarixçi-tədqiqatçı Rüstəm Hüseynov və başqaları Mirzə Şəfi Vazeh yaradıcılığının Azərbaycanın Avropa ilə ədəbi-mədəni əlaqələrinin inkişafında özünəməxsus yer tutduğunu diqqətə çatdırıblar. Qeyd edilib ki, Mirzə Şəfinin nəğmələri Avropa dillərinə dəfələrlə tərcümə edilsə də, şairin yaradıcılığının böyük bir hissəsi bizə gəlib çatmayıb.
Tədbir bədii hissə ilə davam edib.