Dekabrın 19-da Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Azərbaycan Memarlıq və İnşaat Universitetinin dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə İslam ölkələrindən olan xarici və azərbaycanlı tələbələrin iştirakı ilə “ICESCO Simulyasiya Konfransı” keçirilib.

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) baş tutan tədbirin rəsmi açılış mərasimi Dövlət Himninin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Rəsmi açılış nitqi ilə çıxış edən Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əli İskəndərli, Gənclər Fondunun nümayəndəsi Seyfur Hacımuradov, ATGTİ-nin baş katibi Fidan Həsənova və AzMİU TGT-nin sədri Tacir İsmayılzadə bu kimi beynəlxalq əhəmiyyətli layihələrin təşkil olunmasının tələbələrin təcrübi bacarıqlarının formalaşmasına, onların şəxsi inkişafına göstərdiyi müsbət təsirlərdən və layihənin gələcək perspektivlərindən söz açıblar.

Açılış mərasiminin ardınca “Qloballaşma və urbanizasiya şəraitində İslam mədəni irsinin qorunması və təşviqi” və “ICESCO-nun üzv dövlətlərində davamlı inkişaf üçün elm, texnologiya və innovasiyaların təkmilləşdirilməsi” mövzularında 100 gəncin iştirakı ilə simulyasiya başlayıb.

Yekunda fərqlənən iştirakçılar plaket və sertifikatla təltif olunublar.

Qeyd edək ki, simulyasiya konfransının əsas məqsədi ICESCO çərçivəsində təhsil, elm və mədəniyyət sahələrində gənclərə multikulturalizm anlayışının aşılanması, tələbələrin sözügedən mövzuda yeni baxışlar əldə etməsinin təmin edilməsi, mədəniyyətlərarası dialoqu və müxtəlif mədəniyyətlərin təmsil olunduğu platformada kreativ gənclərin iştirakı ilə interaktiv simulyasiyanın həyata keçirilməsindən ibarət olub.