“Nyu-Yorkda keçirdiyimiz müsabiqənin əsas məqsədi Azərbaycan musiqisini plagiatdan qorumaq və təbliğ etməkdir”
Belə insanlar haqqında deyirlər: sənətkar peşəkar olmaqla bərabər, həm də vətənsevərdir, nə qədər uzaqda olsa da, qəlbi vətənlə döyünür.
Tanınmış pianoçu, respublikanın Əməkdar artisti, Bakı Musiqi Akademiyasının professoru, İtaliyada pianoçuların beynəlxalq müsabiqəsinin laureatı, Şopenin əsərlərinin ifasına görə Polşa dövləti tərəfindən təltif olunmuş, hazırda ABŞ-də yaşayan və yaradıcısı olduğu Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti ilə Azərbaycan musiqisini təbliğ edən layihələr həyata keçirən Nərgiz Əliyarova bu günlərdə vətənə gəlmişdi.
Filarmoniyada müəllimi, mərhum professor Elmira Səfərovanın 90 illik yubileyinə həsr edilmiş konsertdə çıxış edən pianoçu dekabrın 21-də Musiqi Mədəniyyəti Dövlət Muzeyinin də qonağı oldu.
Muzeyin direktoru Alla Bayramova tədbirə toplaşanları salamlayaraq bildirdi ki, artıq yeddi ildir Nyu-York şəhərində uğurlu pianoçu, pedaqoq və ictimai xadim karyerası qurmuş Nərgiz Əliyarova ilə bu görüş sənətsevərlər üçün əlamətdar hadisədir.
Muzeyin şöbə müdiri Xanım Abdinova Nərgiz Əliyarovanın həyat və yaradıcılıq yolundan söz açdı. Diqqətə çatdırdı ki, pianoçuluq istedadı Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təhsilə başladığı vaxtdan özünü göstərən Nərgiz xanım doqquz yaşında böyük səhnəyə çıxıb. Müxtəlif musiqi kollektivləri ilə Azərbaycanda və xaricdə çıxışlar edib. 15 yaşında verdiyi konsertin dirijoru maestro Niyazi olub. Bülbül adına məktəbi qızıl medalla bitirib və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMA) fortepiano sinfinə qəbul edilib. Konservatoriya təhsilini də fərqlənmə diplomu ilə başa vurduqdan sonra burada müəllim, baş müəllim, dosent, professor qismində pedaqoji fəaliyyət göstərib. “Azərbaycan bəstəkarlarının skripka və fortepiano üçün sonataları” mövzusunda dissertasiya müdafiə edib. Konsert fəaliyyəti akademik və klassik musiqinin bütün təzahürlərini əhatə edir. Nyu-Yorkun və Vaşinqtonun nüfuzlu konsert salonlarında keçirilən konsertlərində Azərbaycan bəstəkarlarının əsərlərinə də xüsusi yer ayırır.
Sonra söz Nərgiz Əliyarovaya verildi. Musiqiçi minnətdarlıq hissi ilə tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, Alla Bayramova ona yaradıcılığı ilə bağlı sənədləri muzeyə təhvil verməyi təklif edib və o, təklifi təəccüb, sevinc və qürur hissi ilə qəbul edib.
Alla Bayramova isə öz növbəsində əlavə etdi ki, bu sənədlər Azərbaycanın müasir musiqi mədəniyyətinin tərkib hissəsidir.
N.Əliyarova ABŞ-yə köçəndən sonra təsis etdiyi Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin işindən, cəmiyyətin nəzdindəki studiyada pedaqoji fəaliyyətindən danışdı. Vurğuladı ki, cəmiyyət başda Azərbaycan musiqisi olmaqla dünya musiqiçilərinin irsinin təbliği ilə məşğuldur. Cəmiyyətin ən böyük və maraqlı layihəsi isə bu il dördüncüsü keçirilən beynəlxalq bəstəkarlıq müsabiqəsidir.
Daha sonra musiqiçi onun istəyi ilə Rüfət Xəlilovun piano üçün yazdığı və ilk dəfə 8 Noyabr – Zəfər Günündə Nyu-Yorkda səslənən “Sarı gəlin” əsərini, ifaçılıq palitrasında özünəməxsus yer tutan Frederik Şopenin, Faiq Sücəddinovun əsərlərini ifa etdi. Şopenin məşhur “Noktürn” əsərini pianoçu şəhidlərimizin ruhuna ithaf etdi. Nərgiz Əliyarova ilə görüşə gələnlər onun təqdimatında Arif Məlikovun və Ferens Listin əsərlərinin çalğısının videohəlli olan iki yeni klipin premyerasının da iştirakçısı oldular.
Nərgiz Əliyarovanın sənət dostları və sənətinin pərəstişkarları ürək sözlərini dilə gətirdilər.
***
Tədbirdən sonra onunla “Mədəniyyət” qəzeti üçün qısa müsahibə etdik.
– Nərgiz xanım, söhbətimizə təşəbbüskarı olduğunuz bəstəkarlıq müsabiqəsinə görə təşəkkürlə başlamaq istəyirəm. Necə bir yol keçib bu müsabiqə?
– Çox sağ olun. Artıq dördüncü dəfə uğurla baş tutan müsabiqənin özünəməxsusluğu hər bir iştirakçının təqdim etdiyi əsərlərdə mütləq şəkildə Azərbaycan musiqisindən bəhrələnməsi və bunu öz bəstələrində qeyd etməsidir. Müsabiqənin məhz bu xassədə keçirilməsi ideyası Üzeyir bəyin məşhur bir bəstəsini, “O olmasın, bu olsun” operettasından “Deyirlər ki, toy olacaq” parçasının erməni musiqi əsəri kimi eşidəndə yaranmışdı. Mən belə açıq-aşkar plagiat faktına çox əsəbiləşmişdim. Və belə qərara gəldik ki, rəfiqəm, bəstəkar, Bakı Musiqi Akademiyasının dosenti Lalə Cəfərova Üzeyir bəyin həmin bəstəsinə istinadən bir variasiya, “Deyirlər ki, toy olacaq” kompozisiyası mövzusunda fantaziya yazsın, mən də bütün dünyada bu əsəri ifa edib onun gerçək müəllifinin Üzeyir bəy olduğunu, ermənilərin isə plagiata yol verdiklərini hamıya sübut edim. Və belə də etdik. Tədricən anladım ki, bu təşəbbüsü davamlı bir aksiyaya çevirmək daha effektiv olar. Beləliklə, bu müsabiqə yarandı.
Birinci müsabiqə Üzeyir Hacıbəylinin əsərlərinə həsr edilmişdi və əsərlər Bakıda Üzeyir Hacıbəyli festivalında səsləndikdən sonra Nyu-Yorkdakı Linkoln Mərkəzində də təqdimatı olmuşdu. Üzeyir bəyin on əsəri iştirakçı bəstəkarlara təklif edilmişdi, onların da bəziləri ya əsərin bir hissəsini öz bəstəsinə daxil edib yeni bir fantaziya, variasiya, bəziləri isə Üzeyir bəyin musiqisindən ilhamlanaraq və bunu bəstəsinin titul vərəqində qeyd edərək əsər yazırdı. Birinci müsabiqədə 25 ölkədən 50 bəstəkar iştirak etdi. İkinci müsabiqə Fikrət Əmirovun yaradıcılığını özündə ehtiva edirdi. Üçüncü müsabiqə birinci və ikinci müsabiqədə qalib seçilmiş əsərlərin dünya ifaçılarının çalğısında təqdimatından ibarət oldu. Və hələlik sonuncu olan dördüncü müsabiqə Azərbaycan xalq mahnılarından ilhamlanıb yeni musiqi əsərləri bəstələyən musiqi yaradıcılarını bir araya topladı. Bunların böyük bir hissəsi plagiata məruz qalmış xalq mahnılarımız idi. Azərbaycanın tarixi torpaqlarını, ərazi bütövlüyünü musiqidə əks etdirən “İrəvanda xal qalmadı”, “Şuşanın dağları” kimi mahnıları da bilərəkdən müsabiqə proqramına daxil etmişdik ki, dünya ictimaiyyəti həqiqəti bir daha musiqi dili ilə də eşitsin. Bu müsabiqənin əsas məqsədi Azərbaycan musiqisini plagiatdan qorumaq və təbliğ etməkdir. Onun Nyu-Yorkda keçirilməsi bəstəkarların marağını daha da artırır. Qalib bəstələrin hamısını nəşr etdirib Nyu-York Konqreslər Kitabxanasının ştrix kodunu alıb toplu olaraq qeydiyyatdan keçirdirik.
– Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin layihələri arasında hansını xüsusi qeyd edə bilərsiniz?
– Mənim üçün ən önəmli gerçəkləşmiş ideyalardan biri 2022-ci ildə Fikrət Əmirovun 100 illiyinin məhz böyük bəstəkarın doğum günündə, noyabrın 22-də “Karnegi-Holl”un böyük zalında qeyd edilməsi idi. Bildiyimə görə, bu zalda o vaxta qədər Azərbaycanla bağlı tədbir olmamışdı. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi sayəsində biz bunu reallaşdırdıq. Başqa bir yaddaqalan hadisə kimi Vaşinqtonun Kennedi Mərkəzində solo konsertimi qeyd edə bilərəm. “İpək Yolu” proqramı Azərbaycan, türk və İran bəstələrindən tərtib edilmişdi və böyük maraqla qarşılandı”.
– Bu yeddi il ərzində Nyu-York və Bakı musiqisevərləri arasında müqayisə aparmaq imkanınız olubmu?
– Bakıda çıxış etmək mənim üçün daha çətindir. Təəssüf ki, bizdə klassik musiqi dinləməyi sevənlər o qədər də çox deyil. Bakıda klassik musiqi konsertlərinə gələnlərin əksəriyyəti musiqiçilərdir. Bu isə ifaçıdan ikiqat məsuliyyət tələb edir. Nyu-Yorkda isə klassik musiqi konsertlərinə musiqiçi olmayanlar daha çox gəlir. Özü də əsasən yaşlı nəslə aid insanlar. Və mən bir məqamı hər konsertdə müşahidə edirəm: hələ konsert başlamazdan əvvəl zalda ifaçıya bir təşəkkür ovqatı hiss olunur. Bu, əlbəttə, çox ruhlandırıcı bir ab-havadır...
***
Söhbət əsnasında Nərgiz xanım dekabrın 22-də ABŞ-də “Karnegi-Holl”da keçirilməsi nəzərdə tutulan növbəti solo konsertinin və azərbaycanlı həmkarları ilə yeni müştərək işlərin əhvalında yola düşməyə hazırlaşdığını dedi. Vətənpərvərliyi real işlərində görünən, eşidilən, dinlənilən və duyulan musiqi xadiminə uğurlar arzu edirik.
Samirə Behbudqızı