“Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində olan “Şəhərgah” yaşayış yerində aparılan arxeoloji qazıntı işləri nəticəsində yeni nümunələr əldə olunub.

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun sektor müdiri Müzəffər Hüseynovun rəhbərliyi ilə noyabrın 20-də başlayan qazıntı işləri bir ay davam edib. Arxeoloqlar “Şəhərgah” yaşayış yerinin ilk dəfə olaraq Erkən Orta əsrlərlə yanaşı, Erkən Tunc dövrünə aid olduğunu da müəyyənləşdiriblər. Bu da ərazidə yaşayışın 3 min ildən çox yaşı olduğunu söyləməyə əsas verir.

Yaşayış yerinin bir hissəsi Gilgilçay səddinə söykənir. Qazıntı sahəsindəki abidənin bir metrlik üst təbəqəsi İlk Orta əsrlər dövrünə aiddir. Buradan həmin dövrə xarakterik müxtəlif həcmli saxsı qablar və daşdan hazırlnamış əmək alətləri aşkar edilib. Altı metr uzunluğundakı bəzi divarlar günümüzədək gəlib çatıb.