Bakıdakı Rus evində paytaxtın aparıcı kitabxanalarının rəhbərləri və alimlərin Xalqların Mənəvi Birliyi Beynəlxalq Fondunun prezidenti, fəlsəfə elmləri doktoru, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Valeri Alekseyevlə görüşü keçirilib.
Tədbirdə Bakı şəhəri Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova mənəvi birlik məsələsinin, cəmiyyətdə əxlaqi-mənəvi dəyərlərin qorunub saxlanmasının vacibliyindən danışıb.
L.Məmmədova bildirib ki, Azərbaycanın kitabxana fondlarında rus klassiklərinin həm Azərbaycan, həm də rus dillərində çoxlu sayda kitabları var.
Professor Valeri Alekseyev fondun 30 il ərzində gördüyü işlər barədə görüş iştirakçılarına məlumat verib. Qeyd edib ki, fondun 9 filialı Şərqi Avropa və Yaxın Şərqdə fəaliyyət göstərir. Fondun əsas məqsədi ənənəvi dəyərləri qorumaq, milli mədəniyyəti təbliğ etməkdir. O, fondun nəşrləri haqqında də məlumat verib.
Bakıdakı Rus evinin direktoru İrek Zinnurov ənənəvi dəyərlərin qorunub saxlanması və gələcək nəsillərə çatdırılması ideyasının vacibliyini vurğulayıb.
Azərbaycan Dillər Universitetinin Rus dili və ədəbiyyatı kafedrasının müdiri professor Məmməd Əliyev qeyd edib ki, mənəvi birlik mədəniyyətlərin və xalqların yaxınlaşmasında çox mühüm amildir. O, ölkəmizdə əsrlər boyu formalaşmış multikulturalizmin Azərbaycan modelinə diqqət çəkib.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktor müavini Oruc Quliyev akademiyanın kitabxanasında rus dilində nadir kitabların olduğunu və kitabxanada bu nəşrlərin qorunduğunu diqqətə çatdırıb.
Sonda görüş iştirakçılarına Xalqların Mənəvi Birliyi Beynəlxalq Fondu tərəfindən nəşr olunmuş kitablar hədiyyə olunub.