Ağdam Dövlət Dram Teatrı yanvarın 7-də saat 19-da Azərbaycan Dövlət Akademik Milli  Dram Teatrında paytaxt sənətsevərlərinin qonağı olacaq.

Kollektiv şair-dramaturq, filologiya üzrə fəlsəfə doktoru Sahib İbrahimlinin "Cənnət və cəhənnəm" əsəri əsasında hazırladığı tamaşanı təqdim edəcək.

Müəllifin kəskin satira atəşinə tutduğu ləyaqətsiz Ləyaqətin, bu dünyada min cür oyunbazlıqlardan çıxmış və cəmiyyətin baş bəlasına çevrilmiş Mustafanın və onların cəhənnəmə vasil olduqdan sonra orda da İnkirin, onun doğmaca əmisi oğlu Minkirin, gözəllər gözəli  Hurinin, onun Qılmanının başına nə oyunlar açdığı diqqət mərkəzinə çəkilir. Vəziyyət o yerə çatır ki, bu yaramazlar hətta Əzrayılın özünü intihar etməyə məcbur edirlər...

Tamaşanın quruluşçu rejissoru Kərim Həsənli, rəssamı Müşfiq Qarayev, musiqi tərtibatçısı Azər Şükürov, rejissor assistenti Ceyhun Yusifovdur.

Rolları aktyorlar Kərim Həsənli, Xəyalə Xudadatova, Afəridə Sabirqızı, Elşən Cavadov, Zöhrab İmamalıyev, Fərhad Fərhadzadə, Hakim Xan və Qalib Abdullazadə canlandırırlar.

Səhnə əsəri "Mədəniyyət" kanalı ilə canlı yayımlanacaq.

Giriş sərbəstdir.