Türk Akademiyası 2019-cu ildən etibarən Monqolustan Elmlər Akademiyasının Arxeologiya İnstitutu ilə ölkənin Nomqon vadisində birgə arxeoloji qazıntılar aparır.
Türk Akademiyasından verilən məlumata görə, 2022-ci ildə Nomqon-2 abidəsində aparılan ekspedisiya zamanı digər mühüm tarixi artefaktlarla yanaşı, üzərində qədim türk və soqd əlifbası ilə yazılmış daş stelanın yuxarı hissəsi aşkar edilib. Yazıların deşifrə olunması nəticəsində qədim türk əlifbası ilə yazılmış 12 sətir ("Qutluq Xaqan Türk... Tenqri oğlu...") və soqdca yazılmış 6 sətir ("Qutluq xaqan...") oxunub. Bu fakt arxeoloji abidənin xaqan memorial kompleksinə aid olduğunu söyləməyə elmi əsas verir.
2023-cü ildə Türk Akademiyası və Monqolustan Elmlər Akademiyasının Arxeologiya İnstitutunun birgə apardıqları tədqiqatlar davam etdirilib və həmin daş stelanın eynən üzərində yazı olan aşağı hissəsi də aşkarlanıb. Təəssüf ki, daş stelanın üzərindəki qədim türk yazısı ciddi aşınmaya məruz qaldığından oxunması, demək olar ki, mümkün deyil. Sevindirici haldır ki, stelanın arxa tərəfindəki Çin heroqlifləri ilə yazılmış mətn qismən qorunub saxlanılıb və oxunması mümkündür.
Məlumatda bildirilir ki, aşkar edilmiş abidə 2024-cü ildə Ulan-Batorda Türk Akademiyası və Monqolustan Elmlər Akademiyasının Arxeologiya İnstitutu tərəfindən təqdim olunub. Çin mətninin deşifrə edilməsi üzərində aparılan iş də davam etdirilib və bu məqsədlə Daxili Monqolustan Universitetinin (IMU) mütəxəssisləri dəvət olunublar. Bildirilir ki, stelanın aşağı hissəsindəki qədim Çin mətni yuxarıdan aşağıya doğru yazılıb və sətirlər sağdan sola düzülüb. Üçüncüdən 8-ci sətrədək olan hissəni qismən oxumaq mümkündür. Stelanın bu hissəsində cəmi 15 sətir var və hər sətir təxminən 24 heroqlifdən (ümumilikdə 290-300 heroqlif) ibarətdir.
Bundan əlavə, Daxili Monqolustan Universitetinin mütəxəssislərinin səyi nəticəsində 2025-ci ilin yanvarınadək daş stelanın aşağı hissəsindəki qədim Çin mətninin bir hissəsini oxumaq mümkün olub. Çin mətninin 4-cü sətrində "türk" sözü və "Qutluq" titulu (Çin dilində "Qu-du-lu" kimi) müəyyən edilib.
Türk Akademiyası və Monqolustan Elmlər Akademiyasının Arxeologiya İnstitutu məmnunluqla bildirir ki, bu kəşf Nomqon-2 memorial kompleksinin qədim türk dövrünə, ehtimal ki, İkinci Türk xaqanlığının banisi Qutluq İlteriş xaqanın hakimiyyəti dövrünə (682-692) aid olduğunu bir daha təsdiqləyir.
Monqolustanın Nomqon vadisindəki birgə elmi-tədqiqat işləri davam etdiriləcək.