Ağstafa rayonu ərazisindəki “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu ötən il çox sayda yerli və əcnəbi ekskursiyaçının maraq dairəsində olub.

Qoruğun direktoru Musa Mursaquliyevin bölgə müxbirinə verdiyi məlumata görə, “Keşikçidağ”a üz tutanların sayı 2826-a çatıb. Onlardan 2807-si yerli, 19-u əcnəbi ziyarətçilərdir.

2007-ci ildən dövlət tarix-mədəniyyət qoruğu elan edilən “Keşikçidağ”ın ərazisində 70 mağara, 2 məbəd, bir qala, bir inanc yeri, 150-dən çox kurqan tipli qəbir, 23 su quyusu, 14 ərzaq anbarı, 30-a yaxın sığınacaq mövcuddur. Qoruğun ərazisindəki strateji cəhətdən ən hündür yüksəkliklərin biri ölkə Prezidentinin şərəfinə “İlham Əliyev zirvəsi” adlandırılıb. Ötən il müxtəlif yaş kateqoriyasına aid yerli və əcnəbi vətəndaşlar dövlət tarix-mədəniyyət qoruğunda abidələrlə təbliğat xarakterli bir sıra tədbirlər vasitəsilə də tanışlıq imkanı qazanıblar. Bu il isə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu Qazaxıstanın “Bozok”, “Həzrəti Sultan”, “Sarayşık” Dövlət tarix-mədəniyyət muzey-qoruqları ilə imzalanan memorandumlar əsasında əməkdaşlığı genişləndirməyi planlaşdırır. Bundan əlavə, “Keşikçidağda Novruz ənənələri”, "Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi-5", “Keşikçidağın mədəni irsini tanıdaq” kimi bir sıra tədbirlərin təşkili nəzərdə tutulur.